Bələdiyyələrin fəaliyyətində qanun pozuntuları

15 Fevral 2013 11:23 (UTC+04:00)


Lent.az-ın verdiyi məlumata görə, ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim edəcəyi məruzədə bildirilir ki, 2012-ci ildə inzibati nəzarət qaydasında baxılması üçün ədliyyə orqanlarına 52 min 370 bələdiyyə aktı daxil olub.

Bu, 2011-ci illə müqayisədə 64 faiz çoxdur. Təqdim olunmuş bələdiyyə aktlarına baxılaraq, onların normativ hüquqi aktlara uyğunluğu öyrənilib. Bunlardan 1532 aktın qanuna zidd olduğu müəyyən edilib və onların qanuna uyğunlaşdırılması üçün bələdiyyələrə təkliflər göndərilib. Bələdiyyələr tərəfindən bu təkliflər qəbul olunub, 5 aktla bağlı məhkəmələrdə iddia qaldırılıb, onlardan 4-ü təmin edilib.

Həyata keçirilən tədbirlər nəticəsində il ərzində 8 min 970,47 hektar torpaq sahəsinin qanunsuz verilməsi faktları müəyyən edilib və bələdiyyələrin mülkiyyətinə qaytarılması təmin olunub. İnzibati nəzarət tədbirləri nəticəsində 28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanaraq toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

İl ərzində bələdiyyələr üçün müxtəlif məsələlər üzrə 13 metodik vəsait hazırlanıb.

AzNews.az