“Vətəndaşlar yaxşı pul qazanacaqlar, ölkəmizə valyuta gələcək” - Prezident

3 Avqust 2017 17:39 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Balakəndə “ABAD Mərkəz”in açılışında deyib.

“Eyni zamanda, bu gün mənə daha bir gözəl layihə haqqında məruzə edildi, əvvəllər də məruzə edilmişdi. Bu, indi sizin gördüyünüz paketlənmiş quru xurma məhsuludur ki, bunun da xarici bazarlara çox böyük çıxış imkanı var və indi bir çox ölkələrdən sifarişlər verilib. Bu istehsal geniş vüsət alacaq və nəinki Balakən rayonunun, bütün ətraf rayonların xurması, yəni, bazara çıxarılmayan xurma məhsulu buraya gətiriləcək, emal olunacaq və belə gözəl şəkildə xaricə ixrac ediləcək. Vətəndaşlar yaxşı pul qazanacaqlar, ölkəmizə valyuta gələcək və eyni zamanda, bu, xurma istehsalının inkişafına növbəti təkan verəcəkdir”-deyə prezident bildirib.

Dövlət Başçısı qeyd edib ki, “ABAD Mərkəz”in yaradılması Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatların nəticəsidir: “Bilirsiniz ki, bir neçə il əvvəl Azərbaycanda “ASAN xidmət” mərkəzləri yaradıldı. İndi bu mərkəzlərə 16 milyon 500 min müraciət olunmuşdur. Növbəti mərhələdə “ASAN Kommunal” və “ABAD” ailə biznesinə dəstək mərkəzlərinin, - ikinci mərkəz burada açılır, - əlbəttə ki, sahibkarlığın, qeyri-neft sektorunun inkişafına çox böyük müsbət təsiri olacaq və Balakən rayonunun sosial-iqtisadi inkişafı, ixrac potensialı böyük dərəcədə artacaq”.