Komitə sədri dindarların siyasətə qatılmasından qorxur

15 Fevral 2013 15:43 (UTC+04:00)
Cümə günündən Lənkəranda "Dövlət-din münasibətləri və maarifləndirmə işi" adlı ikigünlük regional konfrans öz işinə başlayıb. Bu haqda Turan-a Dini Qurumlarla iş üzrə Dövlət komitəsindən məlum olub.

Tədbirə dini komitə, İslam Konfransı Gənclər Forumu təşkilatçılıq edirlər. Komitə sədri Elşad İsgəndərov Lənkərandakı toplantının analoji olaraq ölkənin müxtəlif bölgələrində keçiriləcəyinin anonsunu verib. Ölkədə milli-mənəvi dəyərlərə qayıdış prosesinin sürətləndiyi diqqətə çatdırılıb. E.İsgəndərov bununla yanaşı hazırda dünyada islam dinini radikalizmə sürükləmə meyllərinin artdığını xüsusi vurğulayıb.

Buna görə də dini maarifləndirmə işinə daha diqqətli yanaşmağın lazım gəldiyini önə çəkib. Komitə sədri dini icmalara milli-mənəvi, dini adət-ənənələri yaşatmaq və düzgün şəkildə insanlara çatdırmaq tövsiyəsi verib.

E.İsgəndərov son vaxtlarda dini icmaları və dindarları siyasiləşdirmə meyllərinə toxunub. Ölkədə sabitliyi pozmaq istəyən daxili və xarici qüvvələrin öz məqsədlərinə çatmaları üçün dini icmaları və dindarları öz oyunlarına alət etmək istədiklərini söyləyib. "Əminik ki, dini icmalar belə siyasi oyunların iştirakçısına çevrilməyəcəklər", - deyə komitə sədri qeyd edib.

AzNews.az