“ABŞ Ermənistanın həm enerji və həm də hərbi müstəqilliyinə çalışır” - Mübariz Əhmədoğlu

11 Avqust 2017 10:40 (UTC+04:00)

ABŞ-ın Ermənistandakı səfiri R.Millz siyasi partiyalarla mütəmadi görüşür, onlara dəstək vəd verir. Hətta Daşnak partiyasına hakim koalisiyadan aralanmaq təklifini verdiyi barədə məlumatlar var. ABŞ səfiri hakim partiyanın üzvü olan deputatlar, parlamentdə komissiya sədrləri və nazirlərlə də görüşür. ABŞ-ın əsas hədəfi Ermənistan hakimiyyətinin korrupsiyaya qarşı mübarizəsinin güclənməsidir. ABŞ bu işdə kömək etməyə hazırdır. Ermənistan investorlar üçün bərabər şərait yaratmalıdır. ABŞ səfirinin fikrincə, ikiqat vergi qoymanı aradan qaldırmaq barədə müqavilə imzalamağa hələlik ehtiyac yoxdur. Çünki iki ölkə arasında mal dövriyyəsi böyük rəqəmlərlə ifadə olunmur və eləcə də Ermənistan iqtisadiyyatının idarəçiliyi şəffaf deyil, korrupsiya güclüdür, məhkəmələr azad deyil. ABŞ-dakı erməni lobbi təşkilatları iki ölkə arasında iqtisadi əlaqələri gücləndirməklə bağlı yeni kampaniyaya başlayıblar. İkiqat verginin ləğvi əsas tələblərdən biridir. Ayrı-ayrı konqresmenlər Ağ Evə və Dövlət Departamentinə müraciət ediblər. Dövlət Departamenti adından bu müraciətlərə cavabı ABŞ-ın Ermənistandakı keçmiş səfiri C.Heffern göndərdi. Heffern ABŞ-ın Ermənistanla bərabər əməkdaşlıq etmək istədiyini bildirib. Onun fikrincə, ABŞ Ermənistana humanitar yardım göndərmək əvəzinə Ermənistanla ticari-iqtisadi əlaqələri inkişaf etdirmək istəyir. ABŞ-dakı erməni təşkilatları bu məsələdə həqiqətən aktivlik yarada biliblər. ABŞ-ın ticarət nümayəndəliyinin başçısının müavini Den Mulaninin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda oldu. O cümlədən Xİ naziri E.Nalbandyanla iki ölkə arasında ticari-iqtisadi əlaqələri müzakirə etdi. Rəsmi Yerevan da bu mövzuda aktivdir. Prezident S.Sərkisyanın yanında Ermənistanla ABŞ arasında iqtisadi əlaqələr müzakirə edildi. Ermənistanın ABŞ-dakı səfiri Q. Ovannisyan cari vəziyyət barədə məlumat verdi. İki ölkə arasında iqtisadiyyat və investisiya sahəsində vəziyyət ürək açan deyil. Nəinki amerikalılar və hətta ABŞ vətəndaşı olan ermənilər Ermənistana investisiya qoymaqdan çəkinirlər. ABŞ rəsmilərinin fikrincə, ABŞ adından Ermənistana qoyulan investisiyaların miqdarının az olmasında ikiqat vergi qoymanın rolu çox azdır.

Səfir R.Millz öz ölkəsinin Ermənistanın energetika sahəsinə 8 milyard dollar investisiya qoymaqla bağlı niyyətini bir daha açıqladı. Səfirin fikrincə, bu investisiyalar hətta nüvə energetika sahəsini də əhatə edə bilər.

Z.Bjezinski ilə söhbət etməklə populyarlaşan, ABŞ-da yaşayan milliyyətcə erməni politoloq E.Abramyanın fikrincə, Tramp administrasiyasının Ermənistan üzrə siyasətinin formalaşmasında R.Millzin investisiya təklifinə rəsmi Yerevanın münasibəti vacib rol oynayacaqdır. Onun fikrincə, ABŞ bu təkliflə Ermənistana Rusiyadan enerji asılılığının yumşaldılması metodologiyasını verib. E.Abramyanın fikrincə, Rusiyanın həm Ermənistana, həm də Azərbaycana silah satması ABŞ-da neqativ reaksiya yaradıb və bu neqativ reaksiya getdikcə güclənir.

Səfir R.Millz Ermənistanın müstəqil hərbi siyasət aparmasını arzuladı. ABŞ və Böyük Britaniya hərbçilərinin iştirakı ilə Ermənistanın fövqəladə hallar nazirliyi geniş təlim keçirdi. Bu təlim səfirin arzusunun reallaşması istiqamətində vacib başlanğıcdır.

Mübariz Əhmədoğlu

AzNews.az