Ermənistan ordusunda qətl və intihar halları artır

17 Avqust 2017 19:51 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, eyni hal Nubaraşen hərbi hissəsində də qeydə alınıb. Vardan Melkonyan adlı əsgər intihar edib. Yaxınları isə onun öldürüldüyünü iddia edirlər. Bununla bağlı artıq Helsinki Vətəndaş Assambleyasına da müraciət olunub. İşğalçı ölkənin ordusundakı qətl və intiharların artması cəmiyyətdə kəskin narazılığa səbəb olub. Müdafiə Nazirliyinin və hökumət binasının qarşısına toplaşan vətəndaşlar övladlarının qatilinə çevrilmiş hökumətin istefasını tələb edirlər. Etirazçılardan biri deyir ki, oğlu xidmətdə olduğu hərbi hissədə yüksək rütbəli zabit tərəfindən öldürülüb. Həmin şəxs prezident Serj Sarkisyanın yaxın qohumu olduğundan cinayətkar cəzasız qalıb.

Vətəndaşlar bildirirlər ki, oğulları hakim rejimin qurbanlarıdır. Onların övladları hərbi xidmətdən ya əlil kimi qayıdır, ya qətlə yetirilir, ya da intihar edirlər. Bu cür hallara son qoyulmasını istəyən valideynlər cəmiyyətə çağırış ediblər. Onlar tövsiyə edirlər ki, hər kəs övladlarını Ermənistan ordusundan yayındırsın. Etirazçılar əsasən də gəncləri Qarabağa göndərməkdən çəkinməyə səsləyiblər. Çağırışda əsasən “Qarabağ bizim torpağımız deyil. Uşaqlarınızı rejimin qurbanına çevirməyin. Əks təqdirdə indi aksiya keçirən anaların aqibəti ilə üz-üzə qalacaqsınız”, - deyə valideynlərə müraciət edilib. Həmçinin qeyd olunub ki, cəbhədə vəziyyət daha acınacaqlıdır. Hərbi hissələrdə sosial şərait bərbad vəziyyətdədir. Yemək keyfiyyətsizdir. Hətta zabit ailələri dözülməz şəraitdə yaşayırlar. Hərbi hissələrdə isə intizamsızlıq hökm sürür. Belə vəziyyətdə övladlarının sağ qayıtması ailələr üçün möcüzədir.