Bakı-Qazax yolunda dəhşətli qəza: 4 ölü

17 Fevral 2013 09:48 (UTC+04:00)

Bakı-Qazax magistral avtomobil yolunda 4 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə fevralın 17-si səhər saat 7:00 radələrində yolun 260-cı kilometrliyində, Ucarın Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Göygöl rayon sakini, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Həsənxan oğlunun idarə etdiyi 99 DS 680 dövlət nömrə nişanlı, "Nissan Tida" markalı minik maşını qarşı tərəfdən gələn 90 RZ 871 dövlət nömrə nişanlı, "Shackman" markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində "Nissan Tida" maşının sürücüsü E. Məmmədov, atası Məmmədov Həsənxan Paşa oğlu, anası Məmmədova Ağgül Cahangir qızı və digər sərnişin Xəyal Verdiyev hadisə yerində dünyasını dəyişib.

Hadisədən 30 dəqiqə sonra isə Ucar rayon Qazıqumlaq kənd sakini Abdullayev Elman Hümmət oğlu idarə etdiyi VAZ 2106 markalı avtomobillə qəza baş verən yerdən keçərkən avtomobili hadisə yerində iş aparan təcili yardım maşınına vurub. Nəticədə E. Abdullayev xəsarət alıb. O, Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az