“Bu qələbə həm də ölkəmizin təbliğində önəmli hadisədir” - Prezident

24 Avqust 2017 17:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 24-də “Qarabağ” futbol klubunun heyəti ilə görüşdə deyib. Dövlət başçısı bunun sadəcə olaraq idman qələbəsi yox, dövlətimizin, Azərbaycan gəncliyinin qələbəsi olduğunu bildirib: “Biz döyüş meydanlarında, idman meydanlarında da qələbə qazanırıq. Necə ki, ötən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri qəhrəmanlıq, şücaət göstərərək torpaqların bir hissəsini işğalçılardan azad ediblər. O torpaqlarda indi həyat qaynayır, vətəndaşlar işğaldan azad edilən torpaqlara qayıdıb, qururlar, yaradırlar, yaşayırlar. Bu torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır. Siz də dünən Azərbaycan bayrağını futbol sahəsində yüksəklərə qaldırmısınız. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı və xaricdə yaşayan milyonlarla azərbaycanlı sizin qələbənizə ürəkdən sevinir və fəxr edir ki, ki, Azərbaycan komandası, xüsusilə Qarabağ adını daşıyan komanda bu gün dünyanın, Avropanın ən güclü komandaları arasında yer tutub".

Prezident qeyd edib ki, Ağdam şəhərinin işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edir: “Bu da onu göstərir ki, Azərbaycan xalqı işğalla barışmayacaq və biz öz torpağımızda yaşayırıq. Hamı da torpaqlarımızın işğaldan azad olunması arzusu ilə yaşayır. Hər bir qələbə və istənilən sahədə uğurumuz bu günü daha da yaxınlaşdırır”.

.