Müdafiə nazirliyi, FHN və Baş Prokurorluğun Mətbuat Xidmətləri birgə məlumat yaydı

27 Avqust 2017 13:55 (UTC+04:00)

Dövlət başçısının tapşırığına əsasən hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılmışdır.

Görülmüş tədbirlər nəticəsində hərbi hissənin ərazisində yaşayan və xidmət keçən şəxslər təhlükəsiz yerə təxliyyə olunmuşlar.

Saat 13 radələrinədək hadisə yerində işləyən 6 nəfər şəxs yüngül dərəcəli bədən xəsarətləri almış, digər ağır xəsarət alan və ölənlər barədə məlumat daxil olmamışdır.

Eyni zamanda N saylı hərbi hissənin yaxınlığında olan Sitalçay, Giləzi, Məmmədhəsən və Şürabad kəndlərinin əhalisi ərazidən təhlükəsiz yerə təxliyyə edilərək Fövqəladə Hallar Nazirliyi tərəfindən qurulmuş müvəqqəti çadırlara yerləşdirilir. Digər yaşayış məntəqələri üçün hər hansı bir təhlükə mövcud deyil.

Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanmış, istintaq-əməliyyat qrupu digər qurumlarla əlaqəli istintaq-əməliyyat tədbirlərini həyata keçirirlər.

Görülən təxirəsalınmaz tədbirlər barədə mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinə məlumat verilir.