Hakimlər Bakıda kompüter cinayətkarlığından danışdı

18 Fevral 2013 12:53 (UTC+04:00)



Kompüter cinayətlərinin açılması sahəsində ixtisaslaşmış məhkəmə ekspertləri üçün nəzərdə tutulan seminarın keçirilməsində məqsəd kompüter texnologiyaları sahəsində baş verən cinayətlərin ekspertizası üzrə beynəlxalq metodologiyanın və müasir texnologiyaların öyrənilməsi, habelə respublikamızın bu sahədə fəaliyyət göstərən mütəxəssislərinin peşə bacarıqlarının inkişaf etdirilməsi və onların müvafiq biliklərinin artırılmasından ibarətdir. Tədbirdə Baş prokurorluğun, Ədliyyə, Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin əməkdaşları, hakimlər və vəkillər iştirak edib.
AHİM-nin sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov prezident İlham Əliyevin sərəncamına əsasən, 2013-cü ilin İKT ili elan olunmasının əhəmiyyətini vurğulayb. Seminarda almaniyalı mütəxəssislər hakim Kristian Şmitz-Yusten, Jens Şiminovski, Köln Baş Polis İdarəsinin Kompüter Cinayətkarlığı Departamentinin baş komissarı Tomas Qraupeter çıxış edib.
Seminarın ikinci günü "Provayderin məsuliyyəti və informasiya azadlığı", "Qanunsuz gəlirlərin geri qaytarılması: məsələnin Almaniya və Avropa qanunvericiliyində tənzimlənməsi" və digər mövzularda məruzələr dinləniləcək.

Elnarə Əlosmanqızı
AzNews.az