Rusiya həbsxanalarında avtoritetlərin üsyanı

18 Fevral 2013 13:08 (UTC+04:00)



Yanvarın 16-da Moskvada öldürülən "qanuni oğru" Aslan Usoyanın varidatının bölüşdürülməsi uğrunda gərgin mübarizə gedir. "Prestupnaya Rossiya" xəbər verir ki, artıq gürcü "qanuni oğru"lar bu istiqamətdə ciddi addımlar atıblar. Onlar Rostov və Krosnodar vilayətində Usoyanın nəzarətində olan sahələri özününküləşdirməyə başlayıblar.

Məlumata görə, artıq Rusiyanın cənubundakı həbsxanalarda əlbəyaxa döyüşlərlə müşayiət olunan gərginlik yaranıb. Xüsusi təyinatlılar proseslərə nəzarət etməsi üçün hazırlıq vəziyyətinə gətirilib. Ancaq təsir dairələrini bölüşdürməyə başlayan avtoritetlərin çoxunun hazırda xarici ölkələrdə olması vəziyyəti daha da çətinləşdirir:

"Aslan Usoyan uzun illər Krosnadar vilayətini əlində saxlayıb. Soçidə onun şəxsi evi olub, ancaq o, həmin evə nadir hallarda gedib. Həmin böyük villada Ded Xasanın qohumu Timuri Mirzoyev yaşayıb. Rusiyanın cənubundakı qruplaşmalara nəzarəti Ded Xasan hələ ötən əsrdə əlində cəmləşdirib. 90-cı illərin sonunda erməni klanının rəhbəri Rudolf Oqanov meydana çıxaraq bu sahələrə nəzarəti əlinə almağa başladı. O, kriminal aləmdə Rudof Bakinski kimi tanınırdı. Bu cəhdi Rudolf Bakinskinin Moskvada güllələnməsi ilə nəticələndi. Bundan sonra kimsə Ded Xasanın "ərazisinə" daxil olmağa cürət etmədi".

Ancaq indi məlum olub ki, Aslan Usoyanın ölümündən sonra Bakı ermənisinin yolunu davam etdirənlər var. 2014-cü ildə Soçi olimpiada oyunlarının keçiriləcəyi bu əraziyə mafiyanın da diqqətini cəlb edib. Hələ 2009-cu ilə mafiozlar Soçidə görüşərək olimpiya komplekslərinin tikintisi üçün ayrılan pullara nəzarət barədə müzakirə aparıblar. Ded Xasan Krosnadar vilayətində qonaqlama və restoran biznesi, neft - qaz sənayesi, bank sektoruna nəzarəti əlində cəmləşdiribmiş.

Elnarə Əlosmanqızı
AzNews.az