Bunu AzNews.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı mərhum sənətkar, Akademik Milli Dram Teatrının aktyoru İlham Əsgərovun anım günü ilə bağlı xatirələrini bölüşərkən deyib. Onun sözlərinə görə, İlham Əsgərov yaşadığı həyatda dürüstlüyü ilə seçilib:
“İlham Əsgərovla biz tələbəlik illərindən tanışıq. İlham həmişə abır-həyası, mədəniyyəti ilə çeçilib, fərqlənən biri idi. O, uzun illər təmizliyini, dürüstlüyünü qoruyub saxladı. İlham yaşadığı həyatda haqsızlığı qəbul eləməzdi, ədalətsizlik görəndə susmazdı. Açıq şəkildə etirazını bildirirdi. Xəstəydi İlham. Uzun illər idi ki, şəkər xəstəliyindən əziyyət çəkirdi. Son illər teatrda baş verən haqsızlıqlar onu üzür, əsəbiləşdirirdi. Bu da onun səhhətinə təsir edirdi. Və bunun üçün də dünyadan vaxtsız köçdü. Mən bunu həmişə demişəm və deyəcəyəm də. İlham Əsgərov Azərbaycan teatrını, xüsusi ilə Akademik Milli Dram Teatrını qoruya-qoruya şəhid oldu”.
Nurəddin Mehdixanlı İlham Əsgərovun unudulacaq şəxs olmadığını qeyd edib:
“İlham heç zaman unudulacaq şəxs deyil. Həmişə yadımızdadır. Nə qədər ki, onun teatrda, filmlərdə oynadığı obrazları var, İlham həmişə yaşayacaq. Bizim yadımızda əbədi qalacaq. Allah ona rəhmət eləsin. Çox heyif ki, aramızdan vaxtsız köçdü”.
Bahar RÜSTƏMLİ
AzNews.az