Elmar Məmmədyarovdan sərt açıqlamalar

19 Fevral 2013 10:00 (UTC+04:00)



Ötən həftə BMT-də münaqişə bölgələrində silahlı toqquşma zamanı mülkü əhalinin vəziyyəti müzakirə olundu. Müzakirələrdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məruzə ilə çıxış edib.

Bununla bağlı AzNews.az-a məlumat verən XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, nazir bu gün Cənubi Qafqazda münaqişələrin həll olunmamasının səbəblərindən danışıb: "Elmar Məmmədyarov öz nitqində bildirib ki, Cənubi Qafqazda münaqişələrin həll olunmamasının əsasında insanlığa qarşı törədilən humanitar cinayətlərin, beynəlxalq humanitar hüquqa hörmətsizliyin davam etməsi və bəşəriyyətə qarşı törədilən cinayətlərin cəzasız qalması durur. Eyni zamansa nazir bəyan etdi ki, Azərbaycan xalqına qarşı cinayət törədən şəxslər bugünkü rəsmi statuslarından və vəzifələrindən asılı olmayaraq cəzalandırılmalıdırlar".

E.Məmmədyarovun ən Xocalı soyqırımını gündəmə gətirdiyini deyən E.Abdullayev qeyd edib ki, nazir bunu bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırıb və bəşəriyyətə qarşı törədilən cinayətlərin hər zaman cəzalandırılmasının zəruri olduğunu vurğulayıb: "XİN rəhbəri bu cinayətin, onu törədənlərin cəzasız qalmasını regionda münaqişənin həllinə mane olan əsas amillərdən sayıb. E.Məmmədyarov bu gün Azərbaycanın humanitar faciələrdən ən çox əziyyət çəkən ölkələrdən olduğunu və əks nəticələr verdiyini, hər doqquz azərbaycanlıdan birinin qaçqın, məcburi köçkün vəziyyətində yaşadığını diqqətə çatdırıb".

Gültəkin
AzNews.az