Cənub bölgəsində yanacaq böhranı- Nəqliyyatın işi iflicdir (Fotolar)

11 Sentyabr 2017 16:22 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, sentyabrın 9-dan bu günə qədər Lerik rayonunda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri sürücülərə xidməti müvəqqəti dayandırıblar. Şənbə günündən məntəqələrdə uzun növbə yaransa da, sonradan yanacaq ala bilməyən sürücülər geri dönmək məcburiyyətində qalıblar. Yanacaq qıtlığına səbəb Bakıdan bölgəyə yanacaq daşıyan sürücülərə əsas məntəqədə benzinin verilməməsidir.

Faktı bu işi həyata keçirən sürücülər də təsdiqləyir. Sürücülərdən birinin AzNews.az-a verdiyi məlumata görə günlərdir “SOCAR PETROLEUM” QSC-nin Xətai rayonunda yerləşən 13 saylı yanacaqdoldurma məntəqəsində yanacaq almaq üçün gözləyirlər. Lakin onlara naməlum səbəbdən yanacaq satılmır.

Məntəqədə yanacaq satışını həyata keçirən SOCAR PETROLEUM” QSC-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, problem Heydər Əliyev adına Neft Emalı Zavodundakı təmirlə əlaqədardır. Belə ki, yanacaq qıtlığı 92 qurğusunda aparılan müvəqqəti təmirlə əlaqədar yaranıb.

"Artıq sabahdan məhduduyyət aradan qaldırılacaq və sahibkarlar istədikləri qədər yanacaq əldə edə biləcəklər"-deyə məlumatda bildirilib.