“Xəzinə boş idi, inkişaf üçün də heç bir imkan yox idi” - Prezident

14 Sentyabr 2017 13:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident vurğulayıb ki, Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda çox ağır problemlərlə üzləşmişdi: “Xüsusilə 1992-ci ildə dövlət çevrilişindən sonra hakimiyyəti qanunsuz zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına qoyulmuşdu. İqtisadi tənəzzül, sənaye potensialının azalması, inflyasiya min faizlərlə ölçülürdü, ölkəmizdə iqtisadi perspektivlər demək olar ki, yox idi, siyasi, hərbi, iqtisadi böhran, anarxiya, xaos yaşanırdı. Laxlayan hakimiyyəti saxlamaq üçün o vaxtkı hakimiyyəti qanunsuz zəbt etmiş hakimiyyət silaha əl atdı, Azərbaycanda vətəndaş müharibəsinə start verdi, qardaş qanı axıdıldı. Ölkəmizin ikinci böyük şəhəri – Gəncə AXC-Müsavat hakimiyyəti tərəfindən bombalandı. Azərbaycan böyük faciə ilə üz-üzə idi. Bununla paralel olaraq, Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasəti aparırdı və bu siyasət nəticəsində torpaqlarımızın böyük hissəsi işğal altına düşmüşdür, bir milyondan çox qaçqın-köçkünümüz var idi. Bax, belə bir ağır vəziyyətdə xalq yeganə düzgün seçim etdi, Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi və onun 1993-cü ildə prezident vəzifəsinə seçilməsindən sonra vəziyyət yavaş-yavaş düzəlməyə başlamışdır. İqtisadi, siyasi islahatlar aparılmağa başlanılmışdır, bütün qanunsuz silahlı birləşmələr tərksilah edilmişdir, ölkəmiz demokratiya yoluna qədəm qoymuşdur, Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir”.

“Əlbəttə ki, ölkəmizin inkişafı üçün xarici sərmayə lazım idi. Çünki o vaxt xəzinə boş idi, inkişaf üçün də heç bir imkan yox idi. Belə bir vəziyyətdə xarici böyük neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək əlbəttə ki, böyük müdriklik, bacarıq, səriştə və siyasi təcrübə tələb edirdi. Heydər Əliyev bu tarixi missiyanı uğurla icra etdi. Azərbaycan o vaxt çox riskli bir yer sayılırdı və belə bir vəziyyətdə 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması, ölkəmizə böyük sərmayə qoyuluşunun cəlb edilməsi doğrudan da tarixi nailiyyətdir”-deyə dövlət başçısı bildirib.