Sinqapur Qran Prisinin qalibi məlum oldu - qəzalarla bol dramatik yarış (Fotolar)

17 Sentyabr 2017 18:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Formula 1 yarışlarının 14-cü mərhələsində kifayət qədər dramatik keçən yarışda "Mercedes" komandası dubla imza atdı. Luis Hamilton birinci, Red Bull pilotu Daniel Rikkardo ikinci, Hamiltonun komanda yoldaşı Valtteri Bottas isə üçüncü oldu.

Yağmurlu hava şəraitinə görə pilotlar yağış və aralıq təkərləri ilə yarışa başlamalı olublar.

Artıq isinmə dövrəsində bir neçə pilot boliddən sıçrayan və görməni çətinləşdirən suya görə şikayət etməyə başlayıb.

Bunun da nəticəsində startda əməlli-başlı xaos yaşanıb. Hər iki Ferrari pilotu və Red Bull-dan Maks Ferstappen toqquşub.

Bu qəzadan Mclaren komandasının ispan pilotu Alonsonun bolidi də zədələnib. Fettel bu qarışıqlıqdan uzaqlaşmağı bacarsa da, sonradan idarəetməni itirərək, divara çırpılıb. Nəticədə bolidin önü ciddi zədə görüb.

Safety car trasa çıxıb, yarışa restart verilib. Fettel, Raykkonen, Ferstappen yarışı elə startdaca bitirməli olub. Bununla da yarışda "Mercedes" və "Ferrari" komandaları arasında gözlənilən prinsipial rəqabət başlamamış bitib.

Ən uğurlu startı Luis Hamiltonun adına yazmaq olar. Qəzadan sonra o, yarışa liderlik etməyə başlayıb. İngilis pilot yarış boyu birinciliyi qoruyub saxlaya bilib.

Honda matoru ilə mövsüm boyu problemlər yaşayan Alonso üçün bu dəfə də möcüzə baş vermədi. Təcrübəli pilot startda baş verən toqquşmaya görə bolidini finişə çatdıra bilmədi və boksa qayıtdı.

Maqnussenlə rəqabət aparan Kvyat da qəza törətdi. Nəticədə Safety car ikinci dəfə trasa qayıtdı.

Rəqiblərindən kənarda qalmaq istəməyən Sauber pilotu Markus Erikson da dar düzlükdə qəza törətdi. Bu səbəbdən yarışa üçüncü dəfə restart verildi.

20 pilotdan yalnız 12-i finişə çata bilib.

"Günün sürücüsü" adı da yarışın qalibi olan Luis Hamiltona verilib. O, ən yaxın rəqibi Fettel ilə arasındakı fərqi 28 xala çatdırıb.

Fəridə Abdullayeva

AzNews.az