Xalq artisti: “Balaca bir otaqda kirayədə yaşayıram”

19 Fevral 2013 15:45 (UTC+04:00)
"45 ildir sənətdəyəm. Azdan-çoxdan müəyyən nailiyyətlər əldə etmişəm. Xalq artistiyəm. Deyilənə görə, sevilirəm. Hər halda küçədə məni görüb tanıyanlar öz hörmətlərini, sevgilərini göstərirlər, xoş sözlər söyləyirlər. Amma xalqın bu sevilən sənətkarı illərdir ki, evsiz-eşiksiz qalıb, balaca bir otaqda kirayədə yaşayır".

Bu fikirləri Publika.Az-a açıqlamasında xalq artisti Nuriyyə Əhmədova deyib.

Aktrisanın sözlərinə görə, sənətə gəldiyi ilk vaxtlardan ev növbəsinə durub. Lakin o vaxtdan indiyə qədər hələ də evi yoxdur:

"Bu vaxta kimi müxtəlif müraciətlər etmişəm, məktublar yazmışam, amma xeyri yoxdur. Məktubu göndərirlər İcra Hakimiyyətinə, ordan da mənə cavab gəlir ki, evimiz yoxdur. Bu yaxınlarda nazirimiz Əbülfəs Qarayevlə də görüşdüm. Görək də nə olur. Hərdən ümidimi lap üzürəm. Axı nə qədər əziyyət çəkmək olar. Hələ yaxşı ki, bu prezident təqaüdü var. 2004-cü ildən mən də prezident təqaüdü alıram. Bu, mənim üçün böyük kömək oldu. Bircə evim də olsaydı, kirayədən canım qurtarardı".