İsa Qəmbər: “Yolumuzdan dönməyəcəyik, sadəcə, vaxtımızı alırlar”

19 Fevral 2013 15:57 (UTC+04:00)
Müsavat Partiyasının başqanı İsa Qəmbər fevralın 19-da "Media forum" saytının suallarını cavablandırıb.

- Fevralın 19-da məhkəmə icraçıları evinizə gəliblər və əmlakınızın bir hissəsini siyahıya alıblar. Bunu necə qiymətləndirirsiniz?

- Qanunsuz addımdır və repressiya məqsədi daşıyır. Burada qanuna əsaslanan heç bir mərhələ yoxdur. Əvvəla, mitinqlərdə iştiraka görə fantastik dərəcədə yüksək cərimələr nəzərdə tutan qanunun qəbul edilməsi özü əsassızdır, məntiqə ziddir. Dinc etiraz aksiyalarında iştirak edən gənclərin həbs olunması, məhkəmələrin onlara belə yüksək cərimələr kəsməsi də əsassız və qanunsuzdur. Heç bir yerdə işləməyən, işi, gəliri olmayan gənclərə qarşı bu formada basqılar, təzyiqlər də hüquqi proses deyil və siyasi repressiyadır. Son mərhələdə isə hakimiyyət nümayəndələri, məhkəmə icraçıları cərimə olunan gənclərin hətta özlərinə aid olmayan, valideynlərinə məxsus evlərə daxil olur və həmin gənclərə məxsus olmayan əmlakı ya siyahıya alırlar, ya da müsadirə edirlər. Bunlar tamamilə qanunsuz və repressiya xarakterli addımlardır.

Fevralın 19-da 7-8 nəfər məhkəmə icraçısı mənim evimə gəlmişdi. Məhkəmə icraçılarına izah etdim ki, məhkəmənin mənə qarşı heç bir qərarı yoxdur, oğlum Turquta aid cərimə qətnaməsinə görə mənim evimə daxil ola bilməzlər və onları evə buraxmadım. Sonra isə vəkillə məsləhətləşdim və mənim həftədə yeddi gün, sutkada da iyirmi dörd saat evdə olmayacağımı nəzərə alıb məhkəmə icraçılarını evə buraxdım. Əgər bu gün onları evə buraxmasaydım, sabah, başqa günlər yenə gəlib ailəmi narahat edəcəkdilər. Ona görə də məhkəmə icraçılarından iki nəfəri evə buraxmaq qərarına gəldim. Evə daxil olub evdəki əmlakı siyahıya almağa başladılar. Məhkəmə icraçılarına bildirdim ki, bu da qanunsuzdur. Çünki həmin əmlak Turquta deyil, mənə məxsusdur. Buna baxmayaraq onlar əmlakı siyahıya aldırlar. Bildirdilər ki, bu siyahı məhkəməyə təqdim olunacaq və əmlakdan Turqutun cəriməsinin ödənməsi üçün istifadə edilib-edilməyəcəyi məsələsinə məhkəmə qərar verəcək. Mən onlara bir daha etirazımı bildirdim, bütün bunların konstitusiya və qanunlara zidd olduğunu bəyan etdim. Məsələ hələlik bu mərhələdə yekunlaşdı.

- Məhkəmə icraçıları özlərini necə aparırdılar? Sizin etirazlarınıza reaksiyaları necə olurdu?

- Əzbərlədikləri cümlələri təkrar edirdilər. Deyirdilər ki, onlar məhkəmə qərarını yerinə yetirirlər və cərimə olunmuş şəxsin cəriməni ödəməsini təmin etmək istiqamətində addımlar atırlar. Özlərini sakit, mədəni aparırdılar. Amma qanunazidd, mənasız, məntiqsiz mövqelərini təkrar-təkrar səsləndirirdilər.

- İsa bəy, siyasi fəaliyyətiniz dövründə müxtəlif formada təzyiq və təqiblərə məruz qaldığınız məlumdur. İndiyədək evinizə polis, məhkəmə icraçıları və digər hüquq mühafizə orqanlarının əməkdaşlarının gəlməsi halları da olubmu?

- Mənim evimə dəfələrlə polis və məhkəmə icraçıları gəlib. 1993-cü ildə mən həbs olunanda evimdə axtarış da aparılıb. Daha sonra isə məhkəmə icraçıları gəlib evimdəki əmlakı siyahıya almağa cəhd göstəriblər. Biz zaman-zaman belə hallarla, vəziyyətlərlə qarşılaşmışıq. Mənim üçün burada yeni bir şey yoxdur. Əslində bu məsələnin özü də sübut edir ki, Əliyev rejiminin mahiyyəti eynidir: istər 1993-cü ildə hakimiyyətə yenicə gəlmiş Əliyev rejimi, istərsə də 2013-cü ildəki Əliyev rejimi olsun. Avtoritar xarakterli eyni rejimdir, insan haqlarına, vətəndaşlara sayğısız yanaşan, konstitusiyanı, qanunları ayaqlayan bir rejimdir.

- Hakimiyyət qanunları sərtləşdirib, cərimələri böyük məbləğdə artırıb. İndi isə məhkəmə icraçıları evlərə gəlib əmlakları siyahıya alırlar, müsadirə edirlər. Prosesin inkişafı necə ola bilər?

- Bunlar hakimiyyətin siyasi repressiyaları və zorakılıq addımlarıdır. Təbii ki, biz belə zorakılığa qarşı hüquqi müstəvidə mübarizə aparırıq və mübarizə davam edəcək. Qanunsuz əməllərlə bağlı məhkəmələrə, hüquq mühafizə orqanlarına müraciət edəcəyik, bu işi dayandırmayacağıq.

Aydın məsələdir ki, hakimiyyətin bu zorakılığının qarşısını yalnız bütövlükdə cəmiyyətin, xalqın fəallığı ala bilər. Hesab edirəm ki, hakimiyyət tərəfindən repressiyalara məruz qalan, cərimələnən gəncləri cəmiyyət tək buraxmamalıdır. Cəmiyyət bu məsələlərlə bağlı daha fəal mövqe bildirməlidir.

Vəkillər Əsabəli Mustafayev, İntiqam Əliyev bu məsələdə gənclərə hüquqi yardım göstərirlər. Hesab edirəm ki, digər vəkillərin də bu məsələyə daha aktiv qatılmalarına ehtiyac var. Eyni zamanda vətəndaş cəmiyyəti bu məsələni daha fəal formada müzakirə etməli, mövqe bildirməlidir. Birinci mərhələdə vətəndaş cəmiyyətinin "5 qəpik" adlı aksiyası kifayət qədər uğurlu və pozitiv bir addım idi. Cəmiyyət də bu aksiyaya böyük məmnuniyyətlə və fəal formada dəstək verdi. Birinci aksiyada cərimə olunan gənclərin cəriməsinin ödənilməsi üçün qısa müddətdə lazım olan qədər pul toplandı. Bunun özü də cəmiyyətin reaksiyası və gücüdür. Hesab edirəm ki, bu aksiya ikinci mərhələdə də olmalı idi. Ən azından cərimə olunan şəxslər bilməliydilər ki, onlar bu mübarizədə yalnız deyillər, cəmiyyət onların cərimələrini ödəməyə çalışır. Həmin məbləğ toplanıb saxlanmalıydı və kritik situasiyalarda, repressiyaların hansısa mərhələsində gənclər həmin cərimələri ödəmək qərarına gəlsələr, bunu etmək imkanları olmalı idi.

- Hakimiyyət seçki ilində repressiya və siyasi təzyiqləri artıra bilərmi?

- Hakimiyyətdən hər şey gözləmək olar. Təbii ki, biz yolumuzdan dönməyəcəyik. Sadəcə, vaxtımızı alırlar. Məsələn, bu gün mənim iki saatdan çox vaxtımı aldılar. Mən səhər işə getməyə hazırlaşırdım, xəbər gəldi ki, evə gələcəklər. Ona görə gözləməli və onların axtarış əməllərinə zaman itirməli oldum. Hadisə mediada xeyli işıqlandırıldı və hakimiyyətin daha bir qanunsuz addımından cəmiyyət, beynəlxalq birlik xəbərdar oldu. Görünür, bu vaxt itkisinin kompensasiyası bundan ibarətdir. Biz mübarizəni davam etdirəcəyik. Hakimiyyətin repressiyaları bizi mübarizədən çəkindirə bilməyəcək.

- Siyahıya alınan əşyalar aparılsa, bu sizin ev təsərrüfatınız üçün böyük itki olacaqmı?

- Bunlar hamısı nisbi məsələlərdir. İnsan televizorsuz da, kondisionersiz də yaşaya bilər. Dədə-bablarımız yaşamayıbmı? Amma hakimiyyətin bu addımları kobud qanun pozuntusudur. Biz də diqqəti ilk növbədə bunun üzərinə cəlb etməyə çalışırıq.

AzNews.az