Salyanda Bayraq Muzeyi açılıb

24 Sentyabr 2017 15:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına burada görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, Bayraq Muzeyinin yerləşdiyi ərazidə Bayraq Meydanı yaradılıb, burada dövlət bayrağı ucaldılıb, ərazidə geniş abadlaşdırma işləri görülüb. Bayraq Muzeyinin inşası bu il ərzində həyata keçirilib. Rayonun daxili imkanları hesabına reallaşdırılan layihə çərçivəsində ümumi sahəsi 410 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə çoxlu sayda eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, qədim Azərbaycan dövlətlərinin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur. Burada müstəqillik dövrümüzün tarixi hadisələrinə geniş yer verilib. Bütün bunlar həm Salyan gənclərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.