Azarkeşlər stadiona xüsusi avtobuslarla pulsuz daşınacaq

25 Sentyabr 2017 17:04 (UTC+04:00)

BNA-nın mətbuat katibi Mais Ağayev AzNews.az-a bildirib ki, oyun günü Bakı Olimpiya Stadionunun ərazisinə şəxsi nəqliyyat vasitələrinin, eləcə də taksi minik avtomobillərinin girişi tam olaraq məhdudlaşdırılacaq: "Bu səbəbdən də biletli tamaşaçılarımıza Bakı Olimpiya Stadionuna rahat və vaxtında gəlmək üçün metrodan və ya Bakı Nəqliyyat Agentliyinin ayırdığı ekspress xətt avtobuslarından istifadə etmək tövsiyə edilir".

Qurum rəsmisi bildirib ki, əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli tamaşaçılar saat 16:30-dan etibarən metronun "Qara Qarayev" stansiyasının qarşısından "X1 Express" xətti və metronun "Gənclik" stansiyasının qarşısından "X2 Express" xətti üzrə Bakı Olimpiya Stadionuna daşınacaq. "Mərasim bitdikdən sonra da tamaşaçılar ekspress xətt avtobuslarla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə əvvəlcədən müəyyən olunmuş nöqtələrə - yəni, metronun "Qara Qarayev" və "Gənclik" stansiyalarına geri daşınacaq", - deyə M. Ağayev qeyd edib.

Qeyd edək ki, biletli tamaşaçıların ekpress xətt avtobusları ilə Bakı Olimpiya Stadionuna, eləcə də əks istiqamətdə daşınması ödənişsiz həyata keçiriləcək.