AzNews.az ARB-yə istinadən xəbər verir ki, bu barədə məktəb rəhbərliyi tərəfindən nazirliyin “102” Zəng Mərkəzinə məlumat daxil olub və bildirilib ki, müxtəlif vaxtlarda təhsil müəssisəsinin saxlanc yerindən 5 ədəd noutbuk, 1 ədəd fərdi kompüter, 156 ədəd stul və 14 ədəd yumşaq oturacaq dəsti oğurlanıb.
Suraxanı Rayon Polis İdarəsi (RPİ) və 32-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin həmin məktəbin texniki işçisi, paytaxt sakini Azər Kərimov tərəfindən törədildiyi müəyyən edilib və o saxlanılaraq istintaqa təhvil verilib.
İlkin ifadəsi zamanı A.Kərimov törətdiyi cinayəti etiraf edib və məktəbdən oğurladığı kompüterləri və digər əşyaları satdığını bildirib.
Azər Kərimov (Saxlanılan şəxs) : "Texniki işçi olaraq işləyirdim. 5 nootbuk, 156 stul, 14 stol götürmüşəm. Onları Sədərəkdə satmışam. Nootbukları da Qaraçuxurda 300-350 manata satmışam. Stulların birini 50 manat vermişəm".
Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.