“Xocalı aeroportunun açılmasında ABŞ-ın marağı var”

20 Fevral 2013 15:02 (UTC+04:00)


"Rusiyanın Dağlıq Qarabağ müharibəsinə Ermənistan tərəfindən qoşulması müəyyən xüsusi razılıqlar çərçivəsində mümkün ola bilər".

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı politoloq, Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixeyev deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağda hərbi əməliyyatlar başlanacağı təqdirdə, Rusiyanın müharibəyə qoşulması üçün zəmin olmalıdır: "Lakin rəsmi Moskva dəfələrlə bəyan edib ki, Rusiya Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həll olunmasında maraqlıdır".

Politoloq Rusiyanın Ermənistanda hərbi gücünü artırmaqla regionda öz geosiyasi maraqlarını təmin etdiyini söyləyib: "Bu gün Rusiya təkcə Ermənistanı silahlandırmır. Ermənistan Rusiyanın hərbi bazası olan və silah satdığı tək ölkə deyil. Rusiya Orta Asiyada da Tacikistanı silahlandırır. Bu plan Rusiyanın geosiyasi maraqlarının tərkib hissəsidir. İsrail və Qərb ölkələri İranla müharibəyə başlasa belə, Rusiya bu müharibədə iştirak etməyəcək. Rusiyanın maraqları ondan ibarətdir ki, yaxın regionlarda, xüsusən də Rusiya ilə sərhəddə müharibə olmasın.

Dağlıq Qarabağda müharibənin başlanması isə Cənubi Qafqaz region üçün fəlakət ola bilər. Bu müharibə eyni zamanda uzunmüddətli enerji və nəqliyyat layihələrinin məhv edilməsinə gətirib çıxara bilər. Rusiya Dağlıq Qarabağ müharibəsinin başlanmasında maraqlı deyil. Maraqlı olsaydı, çoxdan bu müharibəni başladardı. Rəsmi Moskva üçün Dağlıq Qarabağda müharibəni başlatmaq elə də çətin məsələ deyil. Rusiya üçün bu gün prioritet məsələ sərhədləri boyunca müharibə və konfliktlərin olmamasıdır".

S. Mixeyev Rusiyanın Ermənistanın Xocalıda aeroport açmaq niyyəti ilə heç bir əlaqəsinin olmadığını söyləyib: "Bu aeroportun açılmasında ABŞ daha maraqlıdır. Rusiya hesab edir ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağda müharibəyə səbəb olacaq addımlardan çəkinməlidir. Yəni, Rusiya Xocalıda aeroportun açılmasını düzgün addım hesab etmir. Rəsmi Moskva Ermənistanın bu hərəkətini münaqişəni yenidən alovlandıracaq addım sayır. ABŞ-ın isə əksinə, aeroportun fəaliyyətə başlamasında böyük marağı var. Bu maraq İrana qarşı mümkün hərbi əməliyyatlardan irəli gəlir. İranla müharibə başlayan zaman Xocalı aeroportunun fəaliyyəti ABŞ üçün əlverişli olacaq".

"Serj Sarkisyanın ikinci prezidentliyi dövründə Dağlıq Qarabağ konfliktinin həllində yenilik gözləmək" olarmı sualına S. Mixeyev belə cavab verib: "Sarkisyanın ikinci dəfə yenidən Ermənistan prezidenti seçilməsi Ermənistan elitasının razılığı əsasında olub. Onun Qarabağ ermənisi olması hamıya məlumdur. Sarkisyanın yenidən prezident seçilməsi Dağlıq Qarabağ probleminin həllinə heç bir təsir göstərməyəcək. Münaqişənin həlli ilə bağlı danışıqlar hansı vəziyyətdədirsə, o vəziyyətdə də qalacaq. Son 20 ildə münaqişənin həllində irəliyə bir addım belə atılmayıb. Çünki tərəflərin mövqeyi bir-birinə 100 faiz ziddir. Münaqişənin nizamlanmasında dair danışıqlar prosesi dalana dirənib. İnanmıram ki, yaxın vaxtlarda nəsə irəliləyiş olsun".

Müasir mərhələdə Rusiya-Azərbaycan münasibətlərini şərh edən politoloq iki ölkə arasında münasibətlərin Qəbələ RLS-lə bağlı məlum problem səbəbindən müəyyən dərəcədə pozulduğunu bildirib: "Lakin bu o demək deyil ki, iki ölkə arasında münasibətlər radikal səviyyəyə gəlib çatıb. Hesab edirəm ki, münasibətlərdəki soyuqluq müvəqqəti xarakter daşıyır. Tezliklə, hər şey yoluna qoyulacaq. Rusiya ilə Azərbaycanın bir çox sahədə əməkdaşlığı davam edir. Bu onu göstərir ki, iki ölkə arasında münasibətlərin yenidən isinməsinə böyük zəmin var"