“Bu gün hicaba bürünən uşaqlardan sabah kamikadzelər yetişəcək” - Zahid Oruc

2 Oktyabr 2017 13:38 (UTC+04:00)

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, belə hallar yolverilməzdir: “Biz hansı dövrdə bu mərasimləri keçiririk? Bir daha deyirəm, məktəbi, kitabı və kitabxananı Aşura mərasiminə qarşı qoymuram. Onlar deyirlər ki, məsciddə də kitabları yerləşdirmək olar. Məscidən, cameədən dövlət idarə olunmaz. Biz bir neçə gün öncə Suriyada dağıntıların altından tapılan 2 yaşlı Həcər və 3 yaşlı Abdullanı gördük. Bunların valideynləri cənnət axtarışı ilə onları xarabalığa aparıblar. Aşura mərasimində hicaba, çarşaba bürünən və dinin mahiyyətini anlamayan uşaqları gördükdə düşündüm ki, gələcəkdə Suriyaya göndərilən kamikadzelər yetişəcək. Mərasimlərin bu formada keçirilməsinə etiraz edirəm. Bunu inzibati qayda ilə tənzimləmək çətindir. Təhsil və təbliğatla bunun qarşısını almaq olar. Bunu insanlara başa salmaq lazımdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə Z.Oruca cavab olaraq deyib ki, Azərbaycanda din dövlətdən ayrıdır: “Heç bir məsciddən dövlət idarə olunmur”.

AzNews.az