Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları

2 Oktyabr 2017 16:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, monitorinq və qiymətləndirmə nəticələri açıqlanan strateji yol xəritələri aşağıdakılardır:

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi,

Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi,

Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi,

Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi,

Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi.

Strateji yol xəritələrinin ən yüksək icra göstəricisi “Milli iqtisadiyyat perspektivi” üzrə əldə olunub – 62 faiz. Ən aşağı icra göstəricisi isə “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” və “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeydə alınıb – hər ikisində 27 faiz.

2017-ci ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə görə 47 qurumun performansı təqdim edilib. Maliyyə Sabitliyi Şurası və “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılan Komissiya üzərinə düşən işləri 100 faiz icra etmişdir. “Azərenerji” ASC 75 faiz, Maliyyə Nazirliyi 69 faiz, Turizm Şurası 67 faiz, Mənzil İnşaatı Dövlət Agentliyi 60 faiz, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 57 faiz, Əmlak Məsələləri Dövlət Komitəsi 53 faiz icra göstəricisinə malikdir. 16 qurum 2017-ci ilin birinci yarısı üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərin 50 faizini, 20 qurum 50 faizdən azını və nəhayət 3 qurum isə heç bir tədbiri icra etməyib.

Strateji Yol Xəritələri çərçivəsində fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi məqsədilə büdcə qaydalarının parametrləri beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilmiş və razılaşdırılmış, büdcə qaydaları tətbiq olunacağı təqdirdə dövlət və icmal büdcə göstəricilərinə təsiri və yarana biləcək risklər təhlil edilmiş, habelə proqnoz göstəriciləri hazırlanmışdır. Ortamüddətli Xərclər Çərçivəsinin və nəticəəsaslı büdcə mexanizmlərinin yaradılmasına dair təkliflər hazırlanmışdır. Makroiqtisadi koordinasiya təmin edilmiş, məzənnə rejiminin çevikliyi artırılmışdır. Bank sektorunun hərtərəfli diaqnostikası aparılmış, kapital çatışmazlığı olan bir sıra bankların restrukturizasiyasına dair tədbirlər planları hazırlanıb. Strateji yol xəritələri çərçivəsində logistika, ticarət, kənd təsərrüfatı, kommunal sektor üzrə bir sıra işlər görülüb.

Monitorinq və qiymətləndirmə qrupu təklif edib ki, investisiya məsələləri ilə bağlı ətraflı təhlillər aparılaraq, dövlət-özəl tərəfdaşlığının daha da inkişaf etdirilməsi, infrastruktur sahələrinin inkişafına özəl sərmayənin cəlbinin stimullaşdırılması istiqamətində Strateji Yol Xəritəsinin tədbirlərinə uyğun olaraq işlər sürətləndirilə bilər. Eyni zamanda, davamlı biznes islahatlarının icrası, “Rəqabət Məcəlləsi”nin qəbulu, institusional islahatların aparılması, kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası, kommunal sektora özəl və xarici investisiya qoyuluşlarının artırılması istiqamətində işlərin sürətləndirilməsi də tövsiyyə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə strateji yol xəritələrinin icrası davamlı iqtisadi inkişafının təmin olunması və beynəlxalq reytinqlərdə ölkənin mövqelərinin yaxşılaşdırılmasına öz töhvəsini verib. Davos İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görməsi sübut edir ki, iqtisadi islahatlar bəhrəsini verir və 2018-c il sürətli iqtisadi inkişaf ili olacaq.