Üzeyir Cəfərov Xəzər TV-nin cəzalanmasını istəyir

20 Fevral 2013 15:29 (UTC+04:00)
Hərbçi-ekspert, ehtiyatda-polkovnik leytenant Üzeyir Cəfərov Xəzər TV-nin və onun aparıcısı Yusif Kərimovun ciddi şəkildə cəzalandırılmasını istəyib.

Faktxeber.com-un məlumatına görə, Üzeyir bəy bu barədə facebook səhifəsində status paylaşıb. Statusda deyilir:

"Bizim MTRŞ və ya MTN, digər əlaqədar qurumlar görəsən hara baxırlar? Srağagün axşam "Xəzər" TV-də gecə efirində bir əcaib vəziyyəti müşahidə etdim. Səyyah adı ilə kəndləri və şəhərləri dolaşan jurnalist Yusif bəy gedib çıxıb ermənilərlə təmas xəttində yerləşən Goranboyun Tapqaraqoyunlu kəndinə. Burda da kənd camaatını düşmən gülləsindən qorumaq üçün istinad divarları hörülüb. Bu igid də yəqin ki bilməməzlikdən, başlayıb ki, divarın hündürlüyü filan metrə, düşmənlə məsafə filan qədər və sairə. Bir sözlə, az qalmışdı ki, ermənilərə hansı istiqamətdən və hansı ağacın dibindən bizim tərəfə keçməyin yolunu-izini desin. Əslində dedi və göstərdi də. Bax buna deyərlər ee, savadsızlıq, "risovkalıq" və naşılıq. Bir lazımsız süjetə görə orda yaşayan minlərlə sakini və əsgərlərimizi zərbə altına qoymaq. Onsuz da TV ekranlarında bir anarxiya hökm sürür. Amma bu kobud və milli təhlükəsizliyimizlə təhlükə yaradan hərəkətə görə isə TV və jurnalist ciddi cəzalandırılmalıdır. Bunu ona görə yazdım ki, bir qədər ayıq-sayıq olaq."

AzNews.az