Xalq Cümhuriyyətinin BMT-də saxlanılan sənədlərinin elektron surəti Azərbaycana verildi

4 Oktyabr 2017 11:38 (UTC+04:00)

AzNews.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, kitabxananın müdiri Françesko Pisano kitabxananın tarixi barədə danışıb. Bildirilib ki, Birinci Dünya müharibəsini başa çatdırmaq üçün 1919-cu il aprelin 28-də Parisdə keçirilmiş sülh danışıqlarının yekununda yaradılmış Millətlər Liqası sülh və təhlükəsizliyin qorunmasında uğurlu fəaliyyət göstərməyə müvəffəq ola bilməyib. Müxtəlif vaxtlarda təşkilatın tərkibinə 63 üzv dövlət daxil olub və təşkilatın fəaliyyətinə 1946-cı ildə son verilib. Hazırda BMT-nin Cenevrə bölməsinin kitabxanasında Millətlər Liqasının arxivi yerləşir. Həmin arxiv Azərbaycan üçün misilsiz əhəmiyyətə malikdir. Çünki burada Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) aid bir çox tarixi sənədlərin əsilləri qorunub saxlanılır. Bu sənədlər sırasında Paris sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin hazırladığı məktub və müraciətlər, xəritə və digər mühüm tarixi sənədlər mövcuddur. Bu sənədlərin yüksək əhəmiyyətini nəzərə alaraq, 2016-cı ilin sonunda Azərbaycanın Cenevrədəki beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə Millətlər Liqasının AXC ilə bağlı arxiv materiallarının rəqəmsal formaya salınması və Azərbaycan tərəfinə təhvil verilməsi barədə nümayəndəlik və kitabxana arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən Azərbaycan Xalq Cümhuriyyəti ilə yanaşı, Ermənistana və Gürcüstana aid ümumilikdə 36 min səhifəni əhatə edən sənədlərin rəqəmsal surətləri hazırlanıb. Həmin sənədlərin yerləşdiyi elektron daşıyıcı oktyabrın 3-də BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller tərəfindən Azərbaycanın baş nazirinin müavini Əli Həsənova təqdim olunub. F. Pisano Azərbaycanın daimi nümayəndəliyi tərəfindən kitabxanaya təqdim edilmiş kitablara görə də minnətdarlığını ifadə edib və gələcəkdə kitabxana fondunun Azərbaycan haqqında daha çox kitabla genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan haqqında tarixi əhəmiyyət kəsb edən sənədlərin qorunmasına görə təşəkkür edən Ə. Həsənov arxiv sənədlərinin və tarixi faktların böyük əhəmiyyət daşıdığını qeyd edib. O vurğulayıb ki, qonşularının məkrli siyasətinə və işğalına məruz qalan Azərbaycan kimi ölkələrin tarixi ədalətin bərpa olunmasında arxiv sənədlərinə böyük ehtiyacı var və həmin sənədlər toplusu tarix elminə böyük töhfələr verəcək.