“Avropa dövlətləri Azərbaycanın haqq səsinə dəstək verməlidirlər” - Millət vəkili

6 Oktyabr 2017 15:34 (UTC+04:00)

Bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündəki nitqinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Avropa siyasətçiləri Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyası barədə ciddi düşünməlidirlər.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl də BMT Baş Assambleyasının 72-ci sessiyasında Azərbaycanın hazırkı vəziyyəti, gələcək prioritetləri barədə açıq şəkildə danışıb:

“Prezident Avropa İttifaqı ilə, Avropa dövlətləri ilə Azərbaycanın gələcək münasibətlərinin qarşılıqlı inam, etibar əsasında qurulmasını Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə də açıq şəkildə izah etdi. Artıq Avropa siyasətçiləri düşünməlidirlər ki, onlar antiazərbaycan kampaniyasının əsasında hansı qüvvələr dayanır, Azərbaycanı hansı istiqamətə yönəltmək istəyirlər? Haqq-ədalət Azərbaycanın tərəfindədir. Buna görə də Avropa dövlətləri ilk növbədə Azərbaycanın haqq səsinə dəstək verməlidirlər”.

Qeyd edək ki, oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşüb.

AzNews.az