"TAP layihəsinin tikintisi vaxtında yekunlaşacaq" - Səfir

6 Oktyabr 2017 19:53 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bunu İtalyanın Azərbaycandakı səfiri Auqusto Massariti deyib. Layihənin tikintisi ilə bağlı İtaliya tərəfində bəzi çətinliklərin yaşandığını xatırladan səfir bildirib ki, hazırda bu problemlər öz həllini tapıb: “İki həftə əvvəl İtaliyanın ekologiya naziri zeytun ağaclarının altından tunel çəkilməsinə dair qərar verdi".

Səfir qeyd edib ki, TAP layihəsi tezliklə reallaşacaq və Azərbaycan qazı İtaliya vasitəsilə Avropaya ötürüləcək.

Qeyd edək ki, Trans Adriatik Borusunun (TAP) İtaliya ərazisindən keçən hissəsində 221 zeytun ağacının olması TAP layihəsinin reallaşmasına çətinlik yaradırdı. TAP kəməri həmin ərazidən keçdiyi üçün ağacların köçürülməsi vacib idi.

Xatırladaq ki, TAP konsorsiumu kəmərin marşrutu boyu 221 çoxillik zeytun ağaclarının köçürülməsi üçün Ekologiya Nazirliyindən icazə alıb. Lakin Latsio bölgə məhkəməsi İtaliyanın Ekologiya Nazirliyi tərəfindən Apulya regionunda yerləşən Melendunyo şəhərində TAP layihəsinin tikintisi ilə əlaqədar 221 zeytun ağacının köçürülməsi ilə bağlı qərarını ləğv etdiyindən və İtaliya parlamentində təmsil olunan “5 Ulduz” hərəkatının yaratdığı “No TAP” komitəsinin keçirdiyi etirazlar səbəbindən bu ilin əvvəlində TAP-ın Melendunyo şəhəri ərazisində tikintisi dayandırılıb. Sonradan Roma İnzibati Məhkəməsi TAP-ın inşasının dayandırmasına dair apellyasiya müraciətini rədd edib. Məhkəmə İtaliya hökumətinin zeytun ağacların köçürülməsinə dair qərarına qarşı Apulya bölgəsinin irəli sürdüyü apelyasiyanın təmin olunmaması barədə qərar çıxarıb.

Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.