Rasim İldırımzadə Elşad Abdullayevin videosuna cavab verdi

21 Fevral 2013 11:14 (UTC+04:00)
"Elşad Abdullayev məni şantaj etmək istəyir. Video başdan-ayağa montajdır". Bunu Teleqraf.com-a açıqlamasında Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, Hava Nəqliyyatında Polis İdarəsinin rəisi Rasim İldırımzadə Fransada yaşayan professor Elşad Abdullayevin yaydığı yeni videoya münasibət olaraq bildirib.

Fevralın 20-də yayılmış videoda Elşad Abdullayev Rasim İldırımzadə ilə 2003-cü ildə itkin düşən qardaşı, MTN-in mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır. Rasim İldırımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı Mahir Abdullayev sağdır və bir ay ərzində onu azad edəcəklər.

R.İldırımzadə həmçinin bildirib ki, video ilə bağlı ətraflı açıqlama veriləcək: "Yəqin ki, Daxili İşlər Nazirliyinin həmin videoya cavabı olacaq. Videodan belə çıxır ki, mən münəccimliklə məşğulam. Bunlar ağ yalandır. Mənə qarşı təxribatdı".

AzNews.az