"Türkiyə ətrafında gərginlik bütün layihələrimizə zərbə olar"- Millət vəkili ABŞ-Türkiyə ziddiyyəti haqqında

10 Oktyabr 2017 13:05 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarının Türkiyə vətəndaşlarına viza verməkdən imtina etməsi Barak Obama dövründən məcrasından çıxan Amerika-Türkiyə münasibətlərinin Donald Tramp dönəmində də arzuolunan səviyyəyə çatmadığını göstərdi. Xüsusi ilə həm İraq, həm də Suriya cəbhəsində məlum proseslər fonunda Türkiyənin mövqeyinə Obama administrasiyası tərəfindən çox kəskin təzyiq və təsirlər bu gün də davam edir.

Görünən o oldu ki, ötən ay ABŞ-ın yeni prezidentinin Ərdoğanla görüşü də buzları əritmədi. İki ölkə arasında hökm sürən gərginliyi şərh edən millət vəkili Zahid Orucun fikrincə Şimali Kürdüstanın bütün mənalarda himayə olunması, həmçinin Suriyada son həmlələrdə sanki ərazi ələ keçirmələr və Suriyanın bölgüsü uğrunda amansız savaşda Türkiyənin və ABŞ-ın maraqları toqquşur.

"Halbuki vaxtı ilə bütün qüvvələr Türkiyə ərazisindən keçərək gerçəkləşirdi və sinxronlaşdırılmış hərbi əməliyyatlar gedirdi . İndiki halda Türkiyə öz-özünü qoruyur. Türkiyə gördü ki, Qərblə münasibətləri vahid bir xətdə saxlamaq mümkün deyil. Çünki Rusiya və İranın yer aldığı koalisiya Suriyadakı qüvvələri darmadağın etsə, bu həmin dövlətlərin Yaxın Şərqdə möhkəmlənməsi demək olacaq. Bu isə Qərbin öz simasını itirməyə səbəb olacaq və buna görə də avtomatik olaraq Kürdüstanın müstəqilliyi məsələsini gündəmə gətirdilər. Bu isə şübhəsiz ki, Qərbin hərbi və maliyyə dəstəyi olmadan gerçəkləşə bilməzdi. İndiki halda Türkiyənin Suriyada reallaşdırdığı hərbi əməliyyatlara mənfi reaksiyaların verilməsi sırf Rusiya amili ilə bağlıdır. Bir çoxları düşünür ki, İŞİD-lə başlayan savaş Türkiyənin ərazisində bitməlidir. Ən dəhşətlisi də budur və ABŞ burada real təminat vermir."

Bəs görəsən ABŞ-Türkiyə münaqişəsi daha da dərinləşsə, Azərbaycanı nə gözləyir? Millət vəkilinin fikrincə Azərbaycanın hər zaman apardığı balanslaşdırılmış siyasəti sayəsində heç bir təhlükə gözlənilmir. "Türkiyənin regional və beynəlxalq mövqeyi bizim üçün çox əhəmiyyətlidir.Onun əleyhinə müxtəlif dairələr artıq bloklaşıblar. Türkiyə regionda iqtisadi cəhətdən də seçilir, güclənir. Məhz ona görə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfərini həyata keçirdi. Burada görünür Yaxın Şərq məsələləsinə münasibətdə bir uzlaşma nöqtəsinin tapılması istənilir. İndi sanki həmin regionun bölüşdürülməsi prosesi gedir.Azərbaycan belə olan şəraitdə gərginliyin aradan qalxması üçün öz siyasi mövqeyini göstərir. Bizim beynəlxalq maraqlar qlobal oyunçu statusu deyil. Ona görə də biz bölgədə sakitlik, əmin-amanlıq və Türkiyədə həm hərbi- iqtisadi, həm siyasi münasibətlərin yaxşı olmağına rəğmən onun Amerika ilə münasibələrinin də yaxşı olmağını arzulayırıq. Çünki Türkiyə ətrafında gərginlik bütün layihələrimizə zərbə olar.

O biri yandan bu proseslər siyasi baxımdan Türkiyənin Qafqazlarda mövqeyini əngəlləyə bilər. Çünki Vaşinqtonun zamanında rəsmi qərarı və dəstəyi olmasaydı Türkiyə Qafqaz bölgəsinə indiki qədər daxil ola bilməzdi. Bu realdır, bunu inkar edə bilmərik. Ona görə də biz bu gərginliyin inkişaf edən xətt üzrə getməyini istəmirik. Biz Zaman etibarı ilə Türkiyə-İsrail, Türkiyə-İran,Türkiyə -Rusiya münasibətləri dövründə hər zaman balanslaşdırılmış mövqe həyata keçirmişik. Bəzən bu rəsmi Ankaranın siyasi xəttinə xeyir verib, onu tamamlayıb. Ona görə də faktiki olaraq belə həssas durumlarda Azərbaycan daha ölçülüb-biçilmiş, ehtiyatlı siyasət yürüdür və bu Azərbaycanın da ,Türkiyənin də xeyrinə işləyir."

Lalə Nurəddinqızı

AzNews.az