Dövlət İmtahan Mərkəzi “Böyük Ermənistan" qalmaqalına münasibət bildirib

10 Oktyabr 2017 18:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, mərkəzdən Apa-nın sorğusuna cavab olaraq bildirilib ki, DİM ancaq dərsliklərin Azərbaycan dilində olan variantlarının qiymətləndirilməsində iştirak edib. Sonradan bu dərsliklər Rus dilinə tərcümə edilərək istifadəyə verilib: “Mərkəz tərəfindən istifadədə olan dərsliklərin monitorinqini və dərsliklərin çap olunmadan qiymətləndirilməsi aparılır. Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən Dövlət İmtahan Mərkəzinin Əsasnaməsinə əsasən, qurum yalnız Təhsil Nazirliyinin rəsmi sifarişi əsasında dərsliklərin monitorinq və qiymətləndirməsini apara bilər. Bu il də Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında yalnız Azərbaycan dilində olan dərsliklərin nəşrə qədər qiymətləndirilməsi ilə bağlı müqavilə bağlanıb. Mərkəzə nəşrəqədərki Azərbaycan versiyasında olan dərsliklərin maketləri göndərilib. Bir neçə maketdə heç bir müəllifin adı, kim tərəfindən yazılması qeyd olunmayıb. Mərkəz yalnız bu dərsliklərin qiymətləndirilməsində iştirak edib. Sonradan nazirlik onların arasında hansına üstünlük veribsə, onu seçərək rus dilinə tərcümə edib”, - deyə cavabda qeyd olunub.

Qeyd edək ki, Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblər üçün X sinif “Всеобщая история” (“Ümumi tarix”) dərsliyi ilə bağlı qalmaqala səbəb Qədim Roma imperiyasının xəritə toponimlərinin düzgün təsvir olunmamasıdır. Xəritədə yanlış olaraq uydurma “Böyük Ermənistan"ın ərazisi təsvir olunub, Azərbaycan, Türkiyə, İran və Gürcüstan torpaqları qondarma dövlətin ərazilərinə daxil edilib.

Qalmaqallı dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri isə Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.