İdxal mallarına qoyulan aksiz vergisi artırıla bilər

11 Oktyabr 2017 11:01 (UTC+04:00)

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DGK sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, digər gömrük vergi və rüsumlarının artırılması ilə bağlı müzakirə aparılmır.

"Hazırda aksiz vergisinin artırılması ilə bağlı hökumətlə danışıqlar gedir. Manatın devalvasiyasından sonra mövcud vəziyyət reallığı əks etdirmir. Eyni zamanda, aksiz vergisinə cəlb edilən tütün məmulatları və spirtli içkilər ilk tələbat malları deyil. Biz burada camaatın səhhətini də düşünməliyik. Həmçinin, bu məhsulların istehsalı ilə bağlı ölkədə kifayət qədər müəssisə fəaliyyət göstərir", - deyə DGK başçısı qeyd edib.

Komitə sədri Azərbaycana idxal edilən avtomobillərə tətbiq olunan rüsumların artırılmasının mümkünlüyü ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib ki, rüsumların artırılması üçün Neftçala Avtomobil Zavodu işə düşəndən sonra onun bazarda rəqabət qabiliyyəti yoxlanmalıdır: "Azərbaycana avtomobil idxalı azalıb. Əvvəl bu rəqəm ildə 80-100 min idi. Gərək Zavod işə düşsün və ondan sonra görək, idxal onun fəaliyyətinə mane olur ya yox".

AzNews.az