Salyanda intihar edən 21 yaşlı gəncin atası: “Hər dəfə mənə rədd cavabı verirdi”

13 Oktyabr 2017 14:14 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Salyan rayonunda intihar edən 21 yaşlı gənc Emin Əsədovun atası Mehman Əsədov bildirib. Onun sözlərinə görə, oğluna dəfələrlə ailə qurmaq təklifi ediblər, amma Emin bununla razılaşmayıb:

“Rusiyada aqronomluq istisası üzrə qiyabi təhsil alırdı. Mən onun qız sevdiyini bilməmişəm. Anasını demirəm, hələ mən özüm ona dəfələrlə məsləhət vermişəm ki, Emin gəl, səni evləndirim, ailən, uşaqların olsun. Emin hər dəfə mənə rədd cavabı verirdi. Kimisə sevsəydi, deyərdi. Mən onun sevgisinə qarşı çıxmazdım. Heç nəyə ehtiyacı yox idi. Problemli bir uşaq da deyildi”.

Mehman Əsədov qeyd edib ki, Eminin intihar səbəbi hələ bəlli deyil: “Özümüz də bilmirik ki, Emin niyə intihar edib. Çox pisik, çox əlacsızıq… Emin bu həyatla, cəmiyyətlə, ətrafda baş verənlərlə barışmadı”.

Qeyd edək ki, Salyanda intihar hadisəsi baş verib. Rayonun Xıdırlı kənd sakini Emin Əsədov özünü yaşadığı evin banından asıb. Versiyaya görə, 21 yaşlı gənc atasına etiraz əlaməti olaraq bu yola əl atıb. Guya atası ona istədiyi qızı kasıb olduğu üçün almayıb. Nəticədə ata-bala arasında mübahisə yaranıb. Bundan əsəbiləşən Emin özünün öldürüb.

Bahar RÜSTƏMLİ

AzNews.az