Temperatur 6 dərəcə enəcək - Dolu düşəcək, leysan olacaq

14 Oktyabr 2017 13:01 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, oktyabrın 16-sı gündüzdən 17-si axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti, Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 15-də hava əsasən yağmursuz. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°,
gündüz 8-13° isti olacağı gözlənilir.