Belə davam etmək olmaz" - Qriqorçuk

14 Oktyabr 2017 21:42 (UTC+04:00)

AzNews.az istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 8-ci turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Qol vurduqdan sonra müdafiəyə çəkilmişdiniz. Bu, "Sumqayıt"ın hücumları səbəbindən idi?

- Deməzdim ki, rəqibin təzyiqi üzündən arxaya oturmuşduq. Oyundan öncə futbolçularımda gərginlik gördüm. Məncə, bu, həddən artıq məsuliyyət deməkdir. Beynimizdə yaxşı oynamaq fikri yox idi. Paltardəyişmə otağında dedim ki, bu gün qapımız qarşısında elə də təhlükəli epizodlar olmadı. 15 qol epizodu yaratdığımız halda, uduzduğumuz oyunlar olub. Amma bu gün müdafiə olunduğumuz halda 3 xal qazandıq. Bu sevindiricidir. Amma belə davam etmək olmaz.

- "Sumqayıt"ın baş məşqçisi bu gün fərqli oyun sərgilədiyinizi dedi...

- Bu gün dəyişikliklər etmişdik. Amma bu, oyunçu itkiləri ilə bağlı və məcburi idi. Futbolçularımız çox çalışdılar. Bunu son oyunlarda ilk dəfədir görürəm. Gördüklərimə əsasən, futbolçularımdan razıyam. Uduzsaydıq, futbolçularım ölməyə də hazır idilər.

- Tellur Mütəllimov niyə əvvəlki kimi təsir bağışlamır?

- Uzun müddət zədə üzündən məşqləri buraxmalı olmuşdu. Bu, obyektiv səbəbdir. Digər tərəfdən, bir çox gənc oyunçularla bağlı belə hallar da baş verir. Lakin onun yaxşı vaxtlarını unutmuruq və səbrlə gözləyirik ki, daha yaxşı olacaq.

- "Qəbələ" ikinci hissədə, hətta hücuma da 3 oyunçu ilə atılırdı. 8 oyunçu ilə müdafiə olunarkən, xal itirəcəyinizdən qorxmurdunuz?

- Dəfələrlə demişəm ki, futbolda heç nədən qorxmuram. Futbolçularım çox çalışdı. Məcburi dəyişikliklərə baxmayaraq, qalib gəldik. Üstəlik, bu gün qapımızda qol epizodu olmadı. Halbuki, xal itirdiyimiz oyunlarda rəqib qapısı qarşısında 10 epizod yaradırıq.

- Ehtiram Şahverdiyev sadə epizoddan fərqlənə bilmədi. Bu zaman düşünmədiniz ki, yaxşı ki, onu saxlamadınız?

- Ehtiram bizim əsas komandada da məşq edib. Sadəcə, həmin vaxt bizə uyğun deyildi. Hansısa epizodda keçmiş futbolçumuz qol vura bilmirsə, buna sevinə bilmərəm. Belə hallar olur. Bizdən gedənlərin heç birindən təəssüflənmirəm. Hazırda "Sumqayıt"da çıxış edən futbolçunu xarakterizə edə bilmərəm. Ona uğurlar arzulayıram.