Fikrət Qocanın oğlunun qətli ilə bağlı məhkəmə davam edib - Uşaq vaxtı psixoloji travma aldığı...

16 Oktyabr 2017 17:28 (UTC+04:00)

APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda meyiti və təqsirləndirilən şəxsləri müayinə edən ekspertlər şahid qismində ifadə veriblər. Onlar ölümə səbəb olaraq Y. Qocayevin başının yerə dəyməsini göstəriblər.

Təqsirləndirilən şəxslərlə bağlı isə bildiriblər ki, Elnur Nəhmədovda yüngül psixi pozğunluq müəyyən edilib. Qeyd olunub ki, ekspertiza zamanı onun uşaq vaxtı psixoloji travma aldığı müəyyən edilib.

Şahid qismində təqsirləndirilənlərin və öldürülən şəxsin tanışı Məlikağa Quliyev də ifadə verib. Bildirib ki, onları yaxşı adamlar kimi tanıyıb.

İclas digər şahidlərin ifadələri ilə davam etdirilib.

Proses oktyabrın 23-də davam edəcək.

Qeyd edək ki, bu il martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

AzNews.az