Prokurorluq məlumat yayıb

21 Fevral 2013 17:28 (UTC+04:00)



Bakı şəhər Prokurorluğundan Lent.aza- verilən məlumata görə, Nizami rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qəsdən adam öldürməyə cəhd etmiş və hadisə yerindən qaçmış şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.

Belə ki, fevralın 9-da saat 23:30 radələrində Səlimov Sadiq İsbat oğlunun çoxsaylı xəsarətlərlə xəstəxanaya daxil olması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. İstintaqla müəyyən edilmişdir ki, həmin tarixdə S.Səlimov Nizami rayonu ərazisində yerləşən "Azər" kafesində tanışları ilə birlikdə spirtli içki qəbul edərkən Məmmədov Vüqar Zeynal oğlu ilə aralarında mübahisə yaranıb və kafenin həyətində sonuncu qəsdən öldürmək məqsədilə üstündə gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı kəsici-deşici xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Fevralın 18-də saat 3 radələrində cinayətin törədilməsində şübhəli bilinən V.Məmmədov Yalama stansiyasının sərhəd keçid məntəqəsindən Rusiya Federasiyasına keçmək istəyərkən tutulub. V.Məmmədova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.