Avtobusda sərnişinlər son anda qəzadan xilas olundu - Bakıda (Video)

19 Oktyabr 2017 11:13 (UTC+04:00)

AzNews.az xəbər verir ki, “Bakubus” MMC-nin mətbuat katibi Mənsur Piriyevin paylaşdığı görüntüdə taksi sürücüsünün yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, həm özünün həm də avtobusda olan onlarla sərnişinin həyatını təhlükəyə atdığının şahidi oluruq.

Taksi sürücülərinin avtobusların dayanacaqlara daxil olarkən və çıxarkən yaratdıqları maneələrlə bağlı mütəmadi şəkildə ictimaiyyətə məlumatlar təqdim olunur. Ancaq yol hərəkəti zamanı taksi sürücülərinin xüsusən ötüb keçmə və dönmə əməliyyatları zamanı tələskənliyi ictimai nəqliyyat üçün böyük təhlükələr yaradır.

Videodan aydın görünür ki, taksi sürücüsü avtobusu gözləməli olduğu halda, anidən zolağı dəyişib avtobusun qarşısına keçərək təhlükəli dönmə əməliyyatı həyata keçirir və açıq şəkildə qəza vəziyyəti yaradır. Bu cür hadisələr zamanı əksər hallarda sərnişinlər avtobus sürücüsünü günahlandırır və əsaslı və ya əsassız şəkildə onlara dəymiş ziyanın ödənilməsi üçün “BakuBus”a müraciət edirlər. Ancaq istənilən halda həmin şəxslərin hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyyə olunur.

Bu hadisə zamanı qəza vəziyyəti yaradan taksi sürücüsünün idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının avtobusun kameralarına aydın şəkildə düşmədiyi görünür. Bununla belə həmin taksi sürücüsünün aiduyyatı orqanlar tərəfindən aşkar olunaraq qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunacağına inanırıq.