"AŞPA-da Azərbaycana qarşı sənədi dəstəkləyən deputatlarımızdan biri səhvini etiraf edib" - Çavuşoğlu

19 Oktyabr 2017 16:59 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə bildirib.

Onun sözlərinə görə, həmin millət vəkillərindən biri səhv etdiyini boynuna alıb, yəni Azərbaycanın əleyhinə olan sənədə bilmədən səs verdiyini yazılı olaraq müvafiq qurumlara bildirib.

M.Çavuşoğlu deyib ki, AŞPA-da bu cür hadisələr əvvəllər də olub. XİN başçısı vurğulayıb ki, bu qurumda müəyyən siyasi qruplar var və onların təzyiqi ilə belə addımlar atılır: "Ancaq bunlar milli məsələlərdir. Türkiyənin məsələsində olduğu kimi Azərbaycanın məsələsinə də eyni həsasslığı göstərməyimiz vacibdir. Ona görə də bu məsələyə siyasi mövqe və ideologiyadan doğan bir mövqe kimi baxa bilmərik. "Mənim AŞPA-dakı təmsilçilərim belə istəyir, mən də elə səs verəcəyəm" düşüncəsi ilə hərəkət etmək doğru deyil. Əgər iki qardaş ölkə arasında hansısa bir problem varsa, bunu öz aramızda danışıb həll etməliyik. Hər halda kənarda Azərbaycan düşmənləri ilə bir yerdə hərəkət edə bilmərik. Bu, çox səhv addımdır, bunu qəbul edə bilmərik və kəskin şəkildə qınayırıq. Biz Azərbaycana qarşı olan hər kəsi qınayırıq. Bu, belə olub və bundan sonra da belə olacaq".