İndi də sünni-şiə müharibəsi

22 Fevral 2013 09:38 (UTC+04:00)



Lent.az-ın verdiyi məlumata görə, bu, müxalif Suriya Azadlıq Ordusunun Suriya prezidenti Bəşər Əsədə dəstək verən "Hizbullah" Hərəkatına qoyduğu 48 saatlıq möhlətin bu gün başa çatacaq.

Suriya müxalifəti "Hizbullah"ı Hums ətrafındakı kəndlərə hücumu dayandırmağa, Suriya-Livan sərhədində müxaliflərin mövqeyini artilleriya atəşinə tutaraq Suriya ordusuna dəstək verməkdə günahlandırır. Suriya Azadlıq Ordusu bəyan edib ki, əgər "Hizbullah" Bəşər Əsədə açıq dəstəyini dayandırmazsa, Livandakı "Hizbullah" bazalarına zərbə endirilməyə başlanacaq.

Ancaq siyasi və hərbi müşahidəçilər bu qənaətdədir ki, əgər Suriya Azadlıq Ordusu "Hizbullah" Hərəkatının Livandakı hərbi bazalarına hücum edərsə, bu, artıq münaqişənin Suriya sərhədlərini aşması, Yaxın Şərqdə geniş miqyaslı sünni-şiə müharibəsinin başlaması demək olacaq. Çünki Livanda sünni əhalinin böyük əksəriyyəti Suriya müxalifətini dəstəkləyir, şiə əhali və "Hizbullah" Hərəkatı isə Bəşər Əsədə tək siyasi deyil, həm də hərbi dəstək verir. Hazırda Suriyada minlərlə "Hizbullah" döyüşçüsü Bəşər Əsədə Sadiq ordu bölmələri ilə birlikdə müxalifətə qarşı döyüşür. Digər tərəfdən, əgər Suriya Azadlıq Ordusu "Hizbullah" Hərəkatının Livandakı mövqelərinə hücum edərsə, uğur qazanmaq şansı da çox azdır. "Hizbullah" yüksək səviyyədə təşkilatlanmış və peşəkar hərbi bölmələrə malik olduğu üçün Suriya müxalifəti ağır məğlubiyyətlə üzləşə bilər.

AzNews.az