"Prezidentin D-8 platformasında iştirakı ölkəmizin beynəlxalq nüfuzunu göstərir" - Deputat

21 Oktyabr 2017 10:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat vurğulayıb ki, hər belə platforma həm Azərbaycanın malik olduğu potensialı nümayiş etdirmək, həm də dövlətimizin üzləşdiyi problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından əhəmiyyətlidir: “Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu dəfə də Ermənistanın Azərbaycana təcavüzü və onun ağır nəticələrini görüş iştirakçılarının diqqətinə çatdırdı”.

E.Nəsirovun sözlərinə görə, Prezident İlham Əliyevin bu səfəri bir daha onu göstərdi ki, Azərbaycan artıq üzv olmadığı çox mühüm təşkilatlara cəlb edilir və ölkəmizin beynəlxalq aləmdə nüfuzu kifayət qədər böyükdür.

Qeyd edək ki, İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.