Komitə sədri müsəlman ölkələrinin səfirlərinə müraciət etdi

22 Fevral 2013 13:32 (UTC+04:00)
Bu gün Azərbaycanın Ermənistanla cəbhə xəttində, Ağdamın Çəmənli kəndində "Qarabağa doğru - Haqqın və haqqımızın səsi" kampaniyası çərçivəsində azan səsi bərpa edilməsi ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, bir sıra müsəlman ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, cəbhəyanı rayonların icra başçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

E.İsgəndərov çıxışında bildirib ki, Azərbaycan xalqı Xocalı soyqırımının ildönümü həftəsi ərəfəsindədir və bu gün dünya azərbaycanlıları ermənilər tərəfindən işğal olunmuş ərazilərimiz, soyqırımı ilə bağlı öz haqq səsini dünyaya çatdırmağa qalxıb: "Dünyanın haqqsevər sakinləri də bu yolda Azərbaycana dəstək olur. Biz beynəlxalq təşkilatların nümayəndələrini də görürük ki bizim işğal olunmuş torpaqlarımızın qaytarılması ilə maraqlanırlar. Elələri də var ki, sadəcə maraqlanmaqla, gəlib təmas xəttini müşahidə edərək öz missiyalarını bitmiş hesab edirlər. Bizə həmin təşkilatlar tərəfindən səsimizin dünyaya bu cür çatdırılması lazım deyil. Bizim əsas məqsədimiz işğal olunmuş torpaqlarımızın, Qarabağın qaytarılmasıdır. Azərbaycan prezidentinin rəhbərliyi ilə bu gün bütün fəaliyyətimiz buna yönəlib. 1992-ci illərdə Ağdam məscidindən azan sədası gəlirdi və bu səslə bizim igid övladlarımız Azərbaycanın müxtəlif regionlarından ölkənin müdafiəsi üçün Ağdama yığışırdılar. Bu azan bizim ağrı və uğurlarımızın şahididir. Ona görə də biz o vaxt səsləndirilən azanın səsyazmasını əldə edə bildik. Məqsədimiz cəbhə bölgəsində azanı bərpa edib səsləndirməkdir ki, bu səs işğal olunmuş ərazilərdən də eşidilsin. Biz sübut etmiş oluruq ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərini qoruyur. Qarabağ azanı bizim haqqımızın səsidir və işğal olunmuş torpaqlara qayıdışımız deməkdir. Biz artıq qayıdırıq, çünki bu bizim haqqımızdır və biz tezliklə bu azanları Şuşada, Xocalıda və işğal olunmuş digər bölgələrdə tikiləcək məscidlərdə səsləndirəcəyik".

Komitə sədri dini icmalara da müraciət edərək onları bu işə dəstək olmağa çağırıb və müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinə mesaj göndərib: "Gələn həftə Xocalı soyqırımının növbəti ildönümündə onların ölkələrinin paytaxt məscidlərində Qarabağ azanı səsləndirilsin və erməni silahlıları tərəfindən Xocalıda qətlə yetirilən müsəlman qardaşlar yad edilsin".

B.Səfərov isə ermənilərə xəbərdarlıq edərək onların tezliklə Azərbaycan torpaqlarından qovulacağını və birmənalı şəkildə Azərbaycan torpaqlarından çıxarılacağını bildirib: "Ölkə başçısının da dəfələrlə dediyi kimi, biz torpaqlarımızın azad olunmasında heç bir güzəştə getməyəcəyik". Daha sonra dindarların və digər iştirakçıların çıxışları dinlənilib və "Cümşüd" məscidində cümə namazı qılınıb.

AzNews.az