Elçin Əfəndiyev: “Oxuyandan sonra dəhşətə gəldim“

22 Fevral 2013 15:35 (UTC+04:00)
"Mən əsərdən o zaman xəbər tutdum ki, artıq çap olunmuşdu. Oxuyandan sonra dəhşətə gəldim. Dərhal jurnalın redaksiya heyətinə etiraz etdim. Onlara qəti şəkildə bildirdim ki, nəyə görə, mən redaksiya heyətinin üzvü ola-ola bu məqalənin çap olunmasından xəbərim olmayıb? Dedim ki, niyə oxumaq üçün mənə göndərməmisiz?". Bu sözləri Lent.az-a eksklüziv açıqlamasında baş nazirin müavini, yazıçı Elçin Əfəndiyev bildirib.

Elçin Əfəndiyev onu da bildirib ki, etirazının cavabı və özünün bundan sonra həmin heyətdə qalıb-qalmayacağı barədə Redaksiya Heyəti toplandıqdan sonra qərar veriləcək.

Xatırladaq ki, böyük rezonansa səbəb olan sabiq xalq yazıçısı Əkrəm Əylislinin "Daş yuxular" povesti Elçin Əfəndiyevin də redaksiya heyətinin üzvü olduğu "Drujba narodov" jurnalında çap edilmişdi.

"Drujba narodov" jurnalının redaksiya heyətinin üzvləri yazıçı Elçindən başqa Redaksiya Heyətində Ramazan Abdulatipov, Vyaçeslav Ar-serqi, Suxbat Aflatuni, Musa Axmadov, Rezo Qabriadze, Alla Qerber, Denis Qutsko, İvan Dzyuba, Valeriy İsxakov, Aleksandr Klyaçin, Valentin Kurbatov, Olqa Lebeduşkina, David Muradyan, Zaxar Prilepin, Knut Skuenieks, Valeri Turqay, Serqey Filatov və Leonid Yuzefoviç də təmsil olunublar.

Jurnalın baş redaktoru isə Aleksandr Ebonaidzedir.

Əkrəm Əylislinin qalmaqallı əsərindən başqa, Azərbaycandan Anarın "Qırmızı limuzin" və "Ağ Qoç, Qara Qoç" əsərləri, Günel Anarqızının "Kaktus" povesti, Kamal Abdullanın şeirləri, Çingiz Abdullayevin romanı və s. ədəbiyyat nümunələri sözügedən jurnalda çap olunub.

AzNews.az