Bakı-Tbilisi-Qars dəmir yolu xəttində ilk yük qatarı yola salındı - Prezidentlər qatarda

30 Oktyabr 2017 15:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov, o cümlədən Qırğızıstan və Tacikistandan nazirlər iştirak ediblər.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Bunun ardınca Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın baş naziri Abdulla Aripov külünglə dəmir yoluna son mıxları vuraraq, Qazaxıstandan gələn 32 konteynerdən ibarət ilk yük qatarını yola salıblar.

Artıq ilk qatar 5 ölkə lideri- prezident İlham Əliyev, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Baş naziri Abdulla Aripovun iştirakı ilə baş tutan açılış mərasimindən sonra yola düşür. Liderlər Ələt stansiyasına qədər qatarla hərəkət edəcəklər.