BŞİH İctimai Palatanın yürüşlə bağlı müraciətini mənfi cavablandırıb

22 Fevral 2013 17:21 (UTC+04:00)
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İctimai Palatanın Xocalı soyqırımının ildönümündə yürüş keçirməsinə dair müraciətinə mənfi cavab verib.

İP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BŞİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun cavablandırdığı məktubda qeyd olunub ki, fevralın 26-da Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə dövlət tədbirinin keçirilməsi planlaşdırılıb: "Həmin tədbirdə ölkə başçısı, hökumət üzvləri, nazirlik və komitə rəhbərləri, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilat işçiləri, dövlət ictimaiyyətinin nümayəndələri, tələbələr və məktəblilər, ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin səfirləri, qeyri-hökumət, ictimai təşkilatların və siyasi partiyaların üzvləri şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədi ilə iştirak edəcəklər. Həmin tarixdə ictimai asayişin, piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi ilə əlaqədar olaraq, hüquq-mühafizə orqanları tərəfindən müvafiq işlər görüləcək. Belə ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin yerləşdiyi yerə yaxın ərazilərdə vətəndaşların və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq".

Cavab məktubunda o da bildirilib ki, qeyd olunanlarla bağlı və "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununun 8-ci maddəsinin, IV bəndinə əsasən fevralın 26-sı saat 12:00-dan 14:00-dək planlaşdırılan yürüşün keçirilməsi mümkün hesab olunmur.

AzNews.az