Küçəyə atılan iki uşaq anası: “Əri ona işgəncələr verir...”

31 Oktyabr 2017 16:47 (UTC+04:00)

Bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli məlumat verib.

Onun sözlərinə görə, Abşeron rayonu, Saray qəsəbə sakini Gülanə Əliyeva sığınacağa hüquq mühafizə orqanları tərəfindən gətirilib:

“Gülanə Əliyeva evdən qaçıb. O, iki gün Sumqayıt şəhərində yerləşən binaların bloklarında gecələyib. Bu barədə mənə məlumat çatan kimi Sumqayıta yollandım. Ərazidə xidmətdə olan PPX əməkdaşlarının köməyi ilə qeyd edilən ünvanı tapdım. Onunla söhbət əsnasında məlum oldu ki, qadın Sumqayıta avtobusla gəlib. Küçə itlərinin hücumuna məruz qalan qadın tələsik bloka girib. O, tibbi müayinədən keçirildikdən sonra akt əsasında Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirildi”.

Vasif Akiflinin sözlərinə görə, qadın oğlu, qızı və bacılarının olduğunu deyib:

“Qadın deyir ki, Saraydakı ev onun özünə məxsusdur. Həmin evdə oğlu ilə birlikdə yaşayır. O, oğlunun ruhi xəstə olduğunu və dispanserdə müalicə olunduğunu deyir. Bildirir ki, “oğlum məndən çörəkpulu istəyir, pul verməyəndə məni evə qoymur”. Sənədlərini soruşanda bildirir ki, şəxsiyyət vəsiqəsi ilə pensiya kartı qızındadır. Deyir ki, “qızımın evinə gedən kimi əri ona mənim gözümün qarşısında işgəncələr verir, döyür, məni isə evə qoymur. Qızıma deyib ki, anan bura gəlməsin”.

Bundan əlavə qadın Hökməxanım və Səkinəxanım adında iki bacısının olduğunu deyib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”.

Bahar RÜSTƏMLİ
AzNews.az