Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir - İlham Əliyev

31 Oktyabr 2017 21:26 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan-Türkiyə sənədlərinin imzalanmasından sonra mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, siyasi əlaqələr çox uğurla inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir. “Mən bu il iki dəfə Türkiyədə olmuşam. Bu gün Türkiyə Prezidenti Azərbaycanda səfərdədir. Nazirlər, digər vəzifəli şəxslər tez-tez görüşürlər. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də biz hər zaman olduğu kimi, bir-birimizi dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda Türkiyə-Azərbaycan həmişə bir-birinin yanındadır”, - deyə Prezident qeyd edib.

Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının, birliyinin bölgə üçün önəmli amil olduğunu, bölgədə sabitləşdirici rol oynadığını vurğulayan Prezident İlham Əliyev deyib: “Güclənən Türkiyə bizim gücümüzü artırır və biz də sizin uğurlarınıza ürəkdən sevinirik”.