Elşad Abdullayev daha bir “bomba partladacaq“

23 Fevral 2013 11:07 (UTC+04:00)
"Sonuncu videodan sonra DIN-in və Baş Prokurorluğun hadisəyə daha aydın və rəsmi mövqeyini gözləyirik. Onların rəsmi mövqeyi açıqlanandan sonra biz növbəti addımlarımızı atacağıq".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri "Azadlıq"a fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı müstəqil araşdırma aparan blogger Elnur Məcidli deyib.

Onun sözlərinə görə, ümid edir ki, DIN və Baş Prokurorluğunun məsələyə münasibəti ictimaiyyət üçün qənaətbəxş olacaq: "Əks halda Daxili Işlər Nazirliyi və Baş Prokurorluğun da bu cinayətlərlə birbaşa bağlılığı ortaya çıxacaq, etiraf olunacaq. Bu cinayətdə dövlət qurumlarının və rəsmilərinin rol aldığı bir daha öz təsdiqini tapacaq".

Elnur Məcidli həmçinin əlavə edib ki, Elşad Abdullayev yeni videolar yaymağı planlaşdırır. Bu videolarda daxili işlər naziri Ramil Usubovun qudası, Xətai rayon prokuroru Yusif Ildırımzadənin qardaşı, Hava Nəqliyyatında Polis Idarəsinin rəis müavini Rasim Ildırımzadə ilə bağlı ola bilər.

Yada salaq ki, Elşad Abdullayevin sonuncu videosu da Rasim Ildırımzadə ilə bağlı olub. Videoda Rasim Ildırımzadə ilə Elşad Abdullayev arasında Mahir Abdullayevin oğurlanması barədə söhbət əks olunub. Polis rəisinin müavini sabiq rektoru əmin edir ki, Mahir Abdullayev sağdır və yaxın günlərdə onun geri qaytarılmasını təmin edəcək.

Elşad Abdullayevlə Rasim Ildırımzadə arasında gedən bu söhbətdə bir sıra diqqətçəkən məqamlar da var. Xüsusilə Rasim Ildırımzadənin Mahir Abdullayevin kimlər tərəfindən oğurlanması barədə söylədikləri kifayət qədər ciddi mətləblərdən xəbər verir. Polis rəisinin müavini deyir ki, bu kriminal aləmin işi deyil. Elşad Abdullayev dövlətin bu məsələdə rolu olub-olmadığını soruşduqda isə bunu təkzib etmir. Əksinə "Dövləti mən sənə demədim" söyləməklə Mahir Abdullayevin oğurlanmasında dövlət qurumlarının rolunun olmasına işarə vurur. Elşad Abdullayev mətbuata açıqlamalarında qardaşının oğurlanmasına görə ən müxtəlif səviyyəli məmurları və dövlət qurumlarını ittiham edir. Onun iddiasına görə, Mahir Abdullayev dövlət səviyyəsində himayə olunan mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanıb.

AzNews.az