Neftin dünya bazar qiymətlərinin bahalaşması daha çox siyasi amillərlə bağlıdır. Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şabanın AzNews.az-a verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında taxt-tac uğrunda gedən mübarizə birjalara müsbət təsir edir:
"Neft o xammallara aiddir ki, stabilliyi sevir. Əgər birjaların qaçan xəbərlərinə dünya mediasının diqqətinə düşən manşet xəbərləri, təlatümlü xəbərlər gəlirsə, təbii ki, bu, neftin qiymətini qızışdıran amilə çevrilir. Hesab edirəm ki, noyabr ayında neftin orta aylıq qiyməti 60 dollardan aşağı olmayacaq. Çünki ay başlayandan Səudiyyə Ərəbistanında siyasi proseslər neftin kifayət qədər bahalaşmasına gətirib çıxardı. Dünyanın ən böyük istehsalçısı və ixracatçısı olan bir ölkədə siyasi təlatüm həmişə neftin qiymətinə təsir edən amil olur. İkinci obyektiv səbəb, neftin qiymətinin 60 dollar baryerini keçib, bu həddə bərqərar olması və ən böyük neft hasilatçı şirkətlərindən olan Səudiyyə Neft Şirkətinin neft ixracatını azaltması ilə bağlı anons verməsidir. Təbii ki, bu da bazara müsbət siqnaldır. Üçüncü amil isə noyabrda OPEC-in bu il sonuncu konfransını keçirəcəyi ilə bağlıdır. Bu konfransda çox maraqlı bir məsələ var günədlikdə. Bu da 2018-ci ilin martından sonra hasilat həcmlərinin yenə əvvəlki səviyyədə saxlanılması və ya azaldılması məsələsinin müzakirəsidir ki, bunu da bazar çox müsbət qarşılayır".
Qeyd edək ki, İCE London birjasında Brent markalı neft 3,423 dollar bahalaşaraq barelli 64,27 dollar olub.
WTI markalı neftin dekabr fyuçersi isə 2,931 dollar bahalaşaraq barelli 57,32 dollara yüksəlib. Sonuncu dəfə neftin qiyməti 64 dollar həddində 2015-ci ilin iyunun 24-də olub. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri isə 2,58 dollar və ya 4,06% artaraq 66,20 dollar təşkil edib.
Lalə Nurəddinqızı
AzNews.az