Gənclər üçün yeni müsabiqə

23 Fevral 2013 21:44 (UTC+04:00)



Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Demokratik Azərbaycan Naminə" gənclərin İctimai Birliyi (DANİB) "Tarix və bu gün: müasirlik və gənclərin vətənpərvərlik düşüncəsi" adlı layihənin icrasına başlayıb. Layihə 16 - 29 yaş arası gənclər arasında adı çəkilən mövzuda martın 16-dək məqalə müsabiqəsi elan edir.

"Layihənin məqsədi xalqımızın zəngin tarixi və mədəni irsini, mənəvi-əxlaqi dəyərlər sistemini, vətənpərvərliyi maarifçiliyin əsas prinsipi kimi götürməklə gənclərin müasir düşüncə sistemində sözügedən məsələlərə aydın baxışını ortaya qoymaq, onları bu istiqamətdə elmi və ictimai axtarışa sövq etmək və keçmişinə sayğılı, sabahına məsuliyyətli vətəndaş kimi formalaşmalarına yardımçı olmaqdı". Bunu AzNews.az-a verdiyi açıqlamada DANİB sədri Elməddin Behbud bildirib.

"İyirmi ildən artıq müddətdə ərazi bütövlüyünə qəsd edilmiş, torpaqlarının 1/5-i zəpt olunmuş bir dövlət olaraq şübhəsiz ki, Azərbaycan Respublikası üçün daima vətəndaşlarının doğulduğu torpağa bağlılığı, mənsub olduğu etnik, mədəni, tarixi irsə layiqli varislik münasibətinin təminatı vacib və dəyişilməz vəzifə olaraq qalır. Bu sahədə bütün növ informasiya resurslarından istifadə edərək təbliğata hazırda da böyük ehtiyac var və məqalə müsabiqəsi də bu amilə xidmət edir" – E. Behbud belə deyib.

Bildirək ki, müsabiqəyə təqdim edilmiş məqalələr Birliyin ekspertlər qrupu tərəfindən dəyərləndiriləcək, redaktə olunacaq, toplanmış materialların müəyyən qismi mediada işıqlandırılacaq, daha sonra müsabiqəyə təqdim edilmiş məqalələr vahid bazada cəmlənəcək və kitab halına salınacaq, nəşrin keyfiyyətli çapı təmin olunacaq. Daha sonra KİV, QHT və digər ictimaiyyət təmsilçilərinin iştirakı ilə kitabın və digər çap məhsullarının təqdimatı keçiriləcək.

Layihə çərçivəsində eyni zamanda tarixi və mədəni keçmişimizi əks etdirən illustrasiyalarının müşayiəti ilə cəmiyyətə vətənpərvərlik mesajları verən şüarların əksini tapdığı A3 formatlı plakat və bukletin çap olunaraq yayılması da həyata keçiriləcək.

Onu da bildirək ki, DANİB vətəndaş cəmiyyəti quruluşu olaraq 2001-ci ildən üzü bəri daim gənclər kateqoriyasının problem və vəzifələrini diqqət mərkəzində saxlayır, istər canlı ünsiyyətdən, istərsədə mövcud informasiya koomunikasiya vasitələrinin imkanlarından yararlanmaqla prioritetləri müəyyən edir və fəaliyyətini məhz buna uyğun şəkildə qurur. Birliyin əsas məqsədi vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolunun artırılmasına kömək etməkdir. İndiyədək Birlik milli-mənəvi dəyərlərin, tarix və mədəniyyətimizin təbliği, yerli özünüidarəetmə institutu, seçki monitorinqi, gənclərin beynəlxalq əməkdaşlığı və digər mövzularda onlarla layihə və tədbir həyata keçirib.

AzNews.az