Avropa Parlamentinin sədr müavini qəzaya düşdü- ölən var

24 Fevral 2013 00:23 (UTC+04:00)

Avropa Parlamentinin sədr müavini Aleksandr Alvaro keçən gecə Almaniyanın qərbində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ciddi xəsarətlər alıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Parlamentinin sədri Martin Şuls bildirib.

Avtoqəzanın təfərrüatları hələlik məlum deyil. Alvaronun səhhəti barədə məlumat verilmir.

"Avropa Parlamentinin və həmkarlarım adından mən ona tezliklə sağalmasını arzu edirəm", deyə Martin Şuls bəyanatında bildirib.

Avropa Parlamentində təmsil olunan və Alvaronun üzvü olduğu Almaniyanın Azad demokratik partiyasının nümayəndəsi "RİA Novosti"yə bildirib ki, Avropa Parlamentinin sədr müavini xəstəxanaya yerləşdirilib. "Alvaronun səhhəti barədə onun ailəsi heç bir məlumat təqdim etməyib", deyə mənbə bildirib.

"Bild" qəzetinin məlumatına görə, yol nəqliyyat hadisəsi ötən gecə Şimali Reyn – Vestfaliyada (Almaniyanın qərbində) avtobanda baş verib. 37 yaşlı siyasətçinin idarə etdiyi avtomobil 21 yaşlı Münster sakininin idarə etdiyi maşınla toqquşub. Sürücü hadisə yerində keçinib, onun avtomobilində olan iki nəfər isə yaralanıb.